
Su qıtlığı problemi: Azərbaycanda təhlükə varmı?
27 Avqust 23:45
Vaqif Mustafayev- 72
Müsahibələrinin birində deyir ki:- “Uşaq vaxtlarımda “Sovetski”də yaşayırdıq. Bir adətim vardı, həyətimizdə gizlənirdim. Gizlənirdim ki, heç kim məni tapa bilməsin. Bilmirəm, niyə belə edirdim, ancaq içimdə həmin hiss indi də var. Desəm izdehamı sevmirəm, yalan olar. Əksinə, çoxluğu xoşlayıram, ictimai insanam, ancaq tez-tez insanlardan qaçmaq istəyirəm. Xatırlamaq, düşünmək üçün, tək qalmaq lazımdır. Yüz nəfərin içində, iclasda bu mümkün deyil. Bu, bəlkə də, uşaq oyunlarına xas məsələdir, gizlənmək lazımdır ki, hamı səni axtarsın. Bəli, mən kinostudiyaya küçədən- “Sovetski”dən gəlmişəm. Orda hamıya böyük adam kimi baxırdım, hamısı zirvələr, kultlar idi mənim üçün. Ancaq sonra küçənin məntiqi ilə ordakıları bir-bir dişimə vurmağa başladım, görüm həqiqətən, maraqlı adamdır ya yox? Şəxsiyyətdir ya yox? Məncə, hər şey şəxsiyyət olmaqdan başlayır.”
O, 1953-cü ilin qorabişən ayında Bakıda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunda, Eldar Ryazanovun emalatxanasında rejissor bölməsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildən Cəfər Cabbarlı adına “Azərbaycan” kinostudiyasında başlayıb. Xidmətlərinə görə “Xalq artisti” fəxri adına, “Şöhrət”, “Şərəf” və II dərəcəli Əmək ordenlərinə layiq görülüb. Dövlət mükafatı laueratı, Prezidentin fərdi təqaüdçüsüdür...
“Mən hədsiz dərəcədə çox kitab oxuyan adam olmuşam. Səmimi deyirəm, bəlkə də, oxumadığım azsaylı əsərlərdən biri də Şarl Kosterin “Ulenşpigel”i idi. Elə oldu ki, onun adına mükafat qazandım, öz-özümə dedim ki, gec də olsa, oxumaq lazımdır. Kitabı aldım, həvəslə başladım, amma oxuya bilmədim, bir də oyandım ki, yuxuya getmişəm. Nə bilim, belə alındı. “Don Kixot” isə dünyada ən çox sevdiyim əsərlərdən biridir. Oğlum İspaniyadan mənə Servantesin yaşadığı yerdən barelyefinin fotosunu göndərmişdi, çox sevindim. Sizə deyim ki, uzun müddət “Don Kixot”u çəkmək haqqında düşünmüşəm. Ən böyük arzularımdan biri olub. Əvvəllər “Don Kixot” çəkilib, məsələn, Qriqori Kozintsev çəkib, yaxşı filmdir, ancaq nəsə mənə qaramat gəlir. “Yaramaz” filmini çəkəndə aktyor axtarırdım, yadıma düşdü ki, tələbəlik vaxtı Nikita Mixalkov bizə Gürcüstan İncəsənət Universitetinin məzunlarının qısa filmlərini göstərmişdi, orda mən bir qısa film görmüşdüm: Kvazimoda. Orada kök bir aktyor oynayırdı, həmin aktyor yadıma düşdü, başladım onu axtarmağa. Zəng vurdum, dedilər Gürcüstanda deyil, sorağı gah Parisdən gəldi, gah da İspaniyadan. Dedilər, “Don Kixot”a çəkilir, Sanço Pansa rolunda. Bu, Mamuka Kikaleyşvili idi. Onu tapa bilmirdim, bir gün bir nəfər gəldi ki, sənin axtardığın adam “İçərişəhər”dədir. Getdim ki, indi Muğam Mərkəzinin yerində çəkilişdədir. Orda tanış olduq, filmə dəvət etdim.
Rezo Çxeidze də “Don Kixot və Sançonun rəvayəti” adlı çoxseriyalı film çəkmişdi. O film də məni bir o qədər açmadı. Mən “Don Kixot”u başqa cür təsəvvür edirdim. Mənim içimdə “Don Kixot”la bağlı arzu hələ də diridir. Əsas olan da budur. Sizə deyim, biz sənət adamları da Don Kixotuq, bəlkə, bu əsər ona görə bizə belə doğma gəlir, çünki bu, elə bizim haqqımızdadır. Xəyal qurmağı bacaran hamı bir az Don Kixotdur.”- söyləyir.
Bəli, söhbət kinorejissor, ssenarist, professor Vaqif Mustafayevdən gedir. Xarakter baxımından cazibədar və sirli xüsusiyyətlərə malikdir. Duyğuları ilə hərəkət etməyi xoşlayır. Təbiətcə çox emosionaldır. Romantikaya böyük əhəmiyyət verir. Ətrafındakı insanlara qarşı diqqətli və anlayışlı davranışı ilə tanınır. Yüksək intellekti var. İti düşüncəsi və rasional yanaşma tərzi istənilən çətin vəziyyətdə ona doğru qərar verməsinə kömək edir. Dostluq və iş münasibətlərində güclü təsir bağışlayaraq qarşısındakı insanları heyran qoymağı bacarır. Mehriban, qonaqpərvər, əyləncəli, simpatik, düşüncəli və cəlbedicidir. Elə bunlara görə də, ona həsəd aparanlar, qibtə edənlər yetərincədir...
Deyir ki:- “Mən aktyorlarla işləməyi yaxşı bacarıram, onlar da məni yaxşı anlayırlar. Məsələn, mərhum aktyor Yaşar Nurinin yaratdığı obrazlar mənim filmlərimdə çox uğurlu alınıb. Mərhum sənətkarlar Həsənağa Turabov da, Səməndər Rzayev də bu filmlərdə çox gözəl oynayıblar. Kinoda qeyri-aktyorlarla işləmək çətindir. Aktyorlarla işləyərkən gərək onların daxili aləmini yaxşı biləsən. Qeyri-aktyorlarda isə onları öz daxili aləmlərinə qaytarmağı bacarmalısan. Çünki bu insanları real həyatdan kinoya gətirirsənsə, deməli, səni qane edir. Kameranın qarşısında isə, o artıq aktyora çevrilir...”
Bir sözlə, o, insanları özünə cəlb edən təsirli, parlaq və cazibədar bir şəxsiyyətdir. Ciddidir, amma asanlıqla zarafat edə bilir və ətrafındakı insanların diqqətini özünə cəlb etməyi bacarır. Yumşaq və eyni zamanda həssas xarakteri var. İzdihamın, dava-dalaşın və savaşın olmadığı dinc mühitləri axtarır. Həyatda həmişə nəsə öyrənmək istəyir. Daim özünü təkmilləşdirməyə çalışır. Sosial həyatında çox aktiv və çılğındır. Dostları ilə vaxt keçirməyi, əylənməyi və söhbət etməyi xoşlayır. Dostlarının yaxşılığı üçün əlindən gələni edəcək qədər fədakardır. O, yüksək səviyyəli yumor bacarığı ilə ətrafındakı insanlara sevinc bəxş edir, bir sözlə, mühitdə axtarılan simadır...
““Bəyin oğurlanması” filmindəki məşhur bir ifadə tez-tez yadıma düşür,- "bu kino ki var, çox qəliz məsələdir". Orada bir məqam da var: jurnalistin rejissordan müsahibə aldığı epizod. Jurnalist soruşur ki, siz yenidən doğulsaydınız yenə rejissor olardınızmı? Rejissor isə cavab verir ki, yox! Hərdən fikirləşirəm ki, bu ənənəvi suala mən necə cavab verərdim? Əlbəttə ki, bəli, əgər yenidən doğulsaydım, yenə də rejissor olardım. Çünki bu günədək mənim yaradıcılığım dövlət tərəfindən daim yüksək qiymətləndirilib.”- söyləyir.
Avqustun 28-i haqqında söhbət açdığım Vaqif Mustafayevin 72 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu