Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi
İran ABŞ-dan dondurulmuş aktivlərinin yarısının dərhal qaytarılmasını tələb edir
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir
Kazım Qaribabadi: Hörmüz boğazında göstərilən xidmətlərə görə ödəniş alınacaq
16:16
826
Bu il Azərbaycanın ən böyük enerji layihələrindən biri olan Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 30 ili tamam olur.
30 il əvvəl - 4 iyun 1996-cı ildə Bakıda bp, SOCAR və digər xarici tərəfdaşlar arasında Şahdəniz yatağı üzrə HPBS imzalanıb. Saziş Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib.
Şahdəniz dünyanın ən böyük qaz-kondensat yataqlarından biri hesab olunur və bp-nin indiyədək kəşf etdiyi ən iri qaz yatağıdır. Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşən yatağın ehtiyatları ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat təşkil edir.
Yataqdan ilk qaz 2006-cı ildə hasil edilib. Beləliklə, bu il həm də Şahdənizdən ilk hasilatın başlanmasının 20-ci ildönümüdür.
2013-cü ilin dekabrında Şahdəniz-2 layihəsi üzrə yekun investisiya qərarı qəbul edilib, layihənin ikinci mərhələsi isə 2018-ci ildə hasilata başlayıb. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin tam istifadəyə verilməsi ilə Şahdəniz qazı Avropa bazarlarına çatdırılmağa başlanıb.
2025-ci ildə Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından ümumilikdə 27 milyard standart kubmetr qaz və 4 milyon ton (təxminən 32 milyon barel) kondensat hasil olunub.
İlk hasilatın başlanmasından 2026-cı ilin birinci rübünün sonunadək yataqdan ümumilikdə 271 milyard kubmetr qaz və 53 milyon tona yaxın kondensat hasil edilib. Eyni dövrdə Cənubi Qafqaz Boru Kəməri və onun genişləndirilmiş sistemi vasitəsilə təxminən 271 milyard kubmetr Şahdəniz qazı ixrac olunub.
Hazırda yataqda ümumilikdə 34 quyu qazılıb. Onlardan 32-si istismardadır. Şahdəniz quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır. Şirkətin dünya üzrə ən yüksək hasilat göstəricisinə malik 20 quyusundan 17-si məhz bu yataqda yerləşir. 2026-cı ilin birinci rübünün sonunadək Şahdəniz layihəsinə ümumilikdə 31 milyard ABŞ dolları həcmində əsaslı vəsait yatırılıb.
Şahdəniz yatağının işlənməsi Azərbaycanın regional və beynəlxalq enerji bazarlarındakı mövqeyini gücləndirməklə yanaşı, ölkəyə tarixinin ən böyük birbaşa xarici investisiyalarından birini cəlb edib. Layihə çərçivəsində yeni dəniz platformaları, quru terminalları və ixrac infrastrukturu yaradılıb, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib.