
Bakı Fotoqrafiya Evində “Mədəni İrsin Şəhər İnkişafında Rolu: İçərişəhər – Yaşayan İrs” adlı forum keçirilib. Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, memarlar, ekspertlər və digər rəsmi qonaqlar iştirak ediblər.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirin rəsmi hissəsində çıxış edən “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəyyam Əsgərov mədəni irsin qorunmasının şəhərlərin davamlı inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, tarixi və mədəni irsin yaşadılması milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud isə çıxışında İçərişəhərin Azərbaycanın zəngin tarixi-mədəni irsinin simvollarından biri olduğunu vurğulayıb. O, tarixi məkanların qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan nümayəndəliyinin rəhbəri Anna Soeve çıxışında mədəni irsin qorunmasının davamlı şəhər inkişafının əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, tarixi məkanların qorunması şəhərlərin sosial-mədəni kimliyinin saxlanılması və gələcək urban inkişafın balanslı şəkildə həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Forumda millət vəkilləri Nigar Məmmədova, Aydın Hüseynov, Elçin Mirzəbəyli, Müşfiq Cəfərov və Vüqar İskəndərov, həmçinin “İMZA” İctimai Birliyinin beynəlxalq məsələlər üzrə sədr müavini Elnar Məmmədli və AzTV İctimai-siyasi proqramlar departamentinin direktoru Tofiq Abbasov da çıxış ediblər.
Daha sonra “İMZA” İctimai Birliyinin layihə meneceri Samir Abdullayevin moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirələrdə İçərişəhər Qoruğunun baş memarı Leyli Mustafayeva, Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak ediblər. Panel zamanı mədəni irsin qorunması, şəhərsalma siyasəti, davamlı urbanizasiya və tarixi məkanların gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində bədii hissə təşkil olunub. IX “Muğam” Televiziya Müsabiqəsinin finalçısı, gənc xanəndə Yusif Cəfərbəyli musiqili proqramla çıxış edib. Onu tarda Səxavət Məmmədov, kamançada Mahir Quliyev və nağarada Loğman Məmmədov müşayiət ediblər.
Forumun aparıcısı Samirə Mustafayeva olub.
Sonda təşkilatçılar tədbirdə iştirak edən bütün qonaqlara təşəkkür edərək bu kimi platformaların mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm rol oynadığını bir daha vurğulayıblar.
Eyni zamanda, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Gülçin Zeynali və “İMZA” əməkdaşları Fatimə Əsgərzadə və Samir Abdullayev tədbir çərçivəsində televiziya kanallarına müsahibə verərək fikirlərini bölüşüblər.