Gənc qadın rəssamların sərgisi Mədəniyyət

Gənc qadın rəssamların sərgisi

Martın 29-da "YAY" qalereyasında gənc rəssamlar Şahnaz Ağayeva, Aysel Əmirova, Günay Əliyeva, Leyli Qafarova, Fəxriyyə Məmmədova, Aydan Mirzəyeva, Çinarə Məcidova, Pərvanə Persiani, Şeyla Salamzadə və Leyli Salayevanın əsərlərindən ibarət "Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfun, hər nə yoxsa, vardır dünyada" adlı qrup sərgisi açılacaq. Sərgi çərçivəsində "Chai-Khana" Beynəlxalq Media Platforması ilə birgə filmin nümayişi də nəzərdə tutulub.
Sərginin adı XII əsrdə yaşamış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin mövcud olan hər şeyin müvəqqətiliyi, faniliyi və etibarsızlığından bəhs edən rübaisindən götürülüb. Məhsəti poeziyası, həm bəşər övladına, həm də tanrıya sevgini etiraf etməklə yanaşı, xurafat, riyakarlıq və pədərşahlığa qarşı güclü qadın etirazının ən erkən nümunələrindən biri sayılır. Sərgidə bu regionun tarixində və mifologiyasında yer almış, həm keçmiş, həm də indiki dövrün sayılıb-seçilən qadınlarından ilhamlanan gənc xanım rəssamların bu qadınlara həsr etdiyi əsərlər nümayiş etdiriləcək. Sərginin başlıca məqsədi, dövrümüzün aktual mövzuları və gender stereotiplərinin aradan götürülməsinə qarşı qadın yanaşmalarının gözəlliyini nəzərə alaraq, qadınların "etiraz səslərini" yenidən üzə çıxarmaqdır. Sərgi iyunun 3-dək davam edəcək.