Şumer mifologiyası:  şumer tanrılar panteonu - 6-cı yazı  Mədəniyyət

Şumer mifologiyası:  şumer tanrılar panteonu - 6-cı yazı 

Şumer miflərində Enkinin müdrikliyi və iti, güclü ağlı haqqında yetərincə öygülər var. O hazırcavabdır, danışığında məntiqlidir, düşüncəsində səlistdir, tədbirlərində ölçülü-biçilidir. Onun miflərdə “mədəni qəhrəman” adlandırılması da təsadüfi deyil. Enki bütün ovsunçuları, maqları, incəsənətin və sənətkarlığın bütün sahələrini himayə edib, çünki bunların hamısı ağlın, biliyin, elmin, istedadın bəhrəsiydi. Bu sadalananları da tanrılara və insanlara Enki öyrədib.
Hətta ilk şeiri də tanrı Enlil İsmə Dağan yazıb. O şeirlərdən üçü hazırda Berlin muzeyində saxlanır. Deməli, şeir yazmağı da insanlar tanrılardan götürüblər, daha doğrusu, şairliyi, rəssamlığı, bəstəkarlığı bir istedad, qabiliyyət, ilham kimi tanrılar özləri veriblər. Ona görə, istedadın, ilhamın tanrı vergisi olduğu şübhəsizdir.
Tanrılar panteonunda bütün bu elm, bilik, təfəkkür, ağıl və düşüncə sahələrinə Enki rəhbərlik edib. Ona görə də Enki tanrılar arasında daha çox öz ağlı, biliyi ilə seçilib. İnsanların həyatını xilas etmək üçün Ziusudraya-Nuha necə gəmi hazırlamaq lazım olduğunu başa salıb. Bundan başqa Enki onlara gəmiylə hansı səmtə üzmək haqqında da təlimat verib.
Enkinin evi Xəzər dənizində olub. Suda yaşamağı sevib, yaxşı üzməyi bacarıb. O, suları himayə edib. Şumer miflərindən bəlli olur ki, ilk insanlara balıq ovlamağı, balıq əti yeməyi Enki öyrədib. Hələ təbiətin bu qədər zənginləşmədiyi, heyvanların olmadığı, yaxud əhliləşdirilmədiyi zamanlarda insanların qidasında balıq əti mühüm yer tutub. Ona görə insanlar balıq ovlamağın müxtəlif üsullarından istifadə ediblər. Onlar bu məqsədlə tor qurmaq üçün qayıq və gəmilərdə üzməyi də bacarıblar. Hətta Ziusudra-Nuh gəmidə qaldıqları zaman ərzaqları qurtarıb. Şumer miflərindən bəlli olur ki, Enki və onun balıqçıları gəmidəkiləri aclıqdan qurtarmaq üçün onları balıqla təmin ediblər. Burdan belə görünür ki, balıqçılar Enkinin sərəncamında olublar və Tufan onlar üçün təhlükə yaratmayıb. Onların təhlükəsizliyini də sözsüz ki, Enki təmin edib. Şumer miflərinə görə, bütün bunları insanlara öyrədən Enki olub. Enki ovlama nəticəsində balıqların azalmasının qarşısını almaq və insanların artan təlabatını ödəmək üçün balıqların çaylarda, göl və dənizlərdə kürü töküb çoxlamasını da təmin edib.
Görünür, Şumer cəmiyyətində vaxtilə balıq tanrıların və insanların ən çox sevdikləri ərzaq olub. Enkinin balıqçılar arasında böyük hörmət qazanması da bununla bağlıdır. Balıq¬ların artımını təmin etmək, azalmağa qoymamaq Enkinin əlindəydi və bu da balıqçıların həyatı demək idi.
Şumer miflərində Enkinin bir qolu pulcuqlu balıq şəkilndə təsvir edilib ki, bu da onun həqiqətən “balıqlar padşahı” olduğunu göstərir. Bundan başqa, Şumerlərin balıqlar bürcünü də Enkinin şərəfinə adlandırdıqları bəllidir. Dolça suyun rəmzidir, balıqlar suda yaşayırlar, Enkinin də evi suda olub, özü də suların tanrısıdır. Dolça bürcü də Enkinin şərəfinə adlandırılıb. Bunların böyük mənası var.
Çin mifologiyasında Tufanla mübarizə aparan mifik qəhrəmanın adı Hundur. Hun sözünün mənası balıq deməkdir. Çin miflərinə görə, Hun balıqla ilişgili olub və sonralar tanrıya çevrilib.
Burdakı balıq söhbəti və Tufanla mübarizə motivi Hunla Enkini eyniləşdirməyə imkan verir. Şumer miflərində insanları Tufandan Enki xilas edir. Enki də balıqla ilişgilidir. Hun türkdür, bunu hamı bilir. Hunun Enkiylə eyniləşdirilməsi bir də onu göstərir ki, bu motivlər Çin mifologiyasına türklərdən keçib.
Enki yalnız suların tanrısı deyildi. “Enki və dünya-nın nizamı” adlı Şumer mifindən aydın görünür ki, o həm də yer üzündə həyatın, nizam-intizamın yaradıcısı olub. Kərpic istehsalı, şəhərsalma, evlərin və sarayların tikintisi, əklinçilik və heyvandarlıq, metal-əritmə və s. də onun adıyla bağlıdır.
Enkinin adının açımı yerin yiyəsi, ağası deməkdir: En - yiyə, ağa; ki-yer:
Enlil – Anın oğlu, Enkinin qardaşıdır. Şumer panteonunun üç böyük tanrısından biridir. An göydə oturduğundan göylə yerin arasındakı və yerdəki bütün işləri Enlil idarə edib. Əslində Şumerin baş tanrısı funksiyasını o yerinə yetirib.
Yerlə göyü bir-birindən Enlil ayırmış və dünyanı o yaradıb. Yerlə göyün arasını da özü götürüb, ona görə daha çox “hava tanrısı” epitetiylə şöhrətlənib. S.N.Kramer onun adındakı “lil” sözünü hava mənasına uyğun gələn və bu gün çamaşırçılıqda işlədilən lil maddəsi ilə eyniləşdirib.
Doğrudan da, lilin rəngi də, sözün mənası da Enlilin hava, səma tanrısı statusu ilə tam üst-üstə düşür: en-ağa, yiyə; lil-hava, göy, səma deməkdir. Onun arvadı Ninlilin adı da bu mənaya uyğun gəlir. Enlil yerə gəlməzdən öncə öz bacısı Ninqursaqla evlənib. Enlil Ninlillə yerdə evlənib. Miflərdən belə bəlli olur ki, onun yalnız Ninlillə evlənməsi qanuni sayılıb, ona qədərki evlənmələri qanunsuz olub.
“Bilqamıs” dastanından bəlli olur ki, Enlil tufan törətmək və yer üzündəki bütün canlıları məhv etmək qərarında dönməz olub. Məhz bundan çıxış edən bir çox alimlər Enlil haqqında yazılarında yanlışlıqlara yol verib, onu zalım, dağıdıcı, qəddar, amansız, davakar, insanın qənimi kimi təqdim ediblər. S.N.Kramer alimlərin Enlilə ünvanladıqları bu epitetlərlə razılaşmayaraq yazır: “Bu yüzdən əski və hətta yaxın zamanların bilginləri Enlili vəhşi və yıxıcı bir tanrı olaraq damğalayıblar. Fəqət, 1930-cu ildən bəri yayımlanan ilahiləri və mifologiyaları incələdiyimiz zaman insanların və özəlliklə şumerlərin iyiliyi və əmniyyəti üçün diqqət edən arkadaş kimi, babacan bir tanrı olaraq öyüldüyünü görürük”.
Son zamanlar oxunmuş gil lövhələrdəki mifoloji mətnlərdən bəlli olur ki, Enlil həmişə xeyirli, faydalı, gərəkli işləri dəstəkləyib, ağacları, bitkiləri yaradıb, bütün Şumer dövlətlərini himayə edib, yer üzünə bolluğu, bərəkəti, zənginliyi o gətirib. O insanları sevmiş, onların əməyini yüngülləşdirməyi düşünüb, bir çox əmək alətlərini bu məqsədlə yaradıb.
Dünyanı nizama salan, gecə və gündüzü yaradan, ili fəsillərə, fəsilləri aylara, ayları həftələrə, həftələri günlərə bölən, martın və sentyabrın 21-də gecə və gündüzün bərabərliyini, iyunun 21-də ilin ən uzun gündüzünu, dekabrın 21-də ilin ən uzun gecəsini qaydasına qoyan Enlil olub. Ay tanrısı Nannar onun oğlu, günəş tanrısı Utu onun nəvəsidir. Şumerin sevgi, məhəbbət, bərəkət, nəsil törətmə tanrısı İnanna da onun nəvəsi, Nannarın qızı, Utunun bacısıdır.
İnsanların yaranmadığı vaxtdan öncə bütün tanrılar Nippurda otururdular. Enlilin evi burda yerləşirdi və “Ekur” adlanırdı. E - ev, Kur - ölkə və dağ deməkdir. Enlil Nippurun “gənc adamı”, onun arvadı Ninlil Nippurun “gənc qızı”, qaynanası Nunbarşequn isə Nippurun “yaşlı qadını” adlanırdılar.
Enlil atası An göyə qalxıb öz taxtında oturduqdan sonra Şumer tanrılar panteonuna başçılıq edib, bütün məsələlərin həlli ona tapşırılıb. O, böyük tanrı statusu qazanıb.
Ereşkiqal – yeraltı dünyanın tanrısıdır. İnannanın böyük bacısıdır. İnanna yeraltı dünyaya gedərkən onun canını alıb ölüyə döndərir və özünü də qarmaqdan asdırır. Onu Enki xilas edir və dünyaya qaytarır.
Dumuzinin ölümü ilə bağlı bir mifdə Ereşkiqalın onu ölüm mələklərindən qorumadığı, bəlkə də gizlincə Dumuzinin yerini onlara nişan verdiyi öz ifadəsini tapıb.
Ereşkiqalın adının kökündə yer sözü var. Şumerdə bütün tanrıların adları onların funksiyalarına və yaşadıqları yerə uyğun gəlir. Adın mənası yerin yoldaşı, dostu deməkdir. Şumerdə Yerin planet kimi adı Ki, bu günkü anlamda yaşadığımız yer kimi elə Yer olub. “Y” samiti yazılmayıb. Eridu, Erra, Ereş-kiqal adlarının hamısı er-yer kökündən yaranıb.
Erra – Şumer panteonunda müharibə və taun xəstəliyi törədən tanrının adıdır. Şumer miflərində onun adına çox rast gəlinir.
Şumer miflərindən birinə görə, Xıdır (Marduk) bir müddət yeraltı dünyaya gedir və öz taxtını Erraya tapşırır. Erra yer üzündə xaos, qarmaqarışıqlıq yaradır, taun xəstəliyi törədib bütün canlıları ölümlə hədələyir.
Enbilulu – Şumer panteonunda kanalların qoruyucusudur. İkiçayarasında təbii yağışlar az yağdığına görə, əsas suvarma işləri kanallar vasitəsilə həyata keçirilib. Kanallar İkiçayarasında böyük həyat əhəmiyyətli obyektlər sayılıb, əkinçilik demək olar ki, birbaşa kanallar hesabına inkişaf etdirilib. Kanalların qorunması və onların tanrılardan birinə tapşırılması zərurəti də məhz bununla bağlı olub. Enki bu vəzifəni Enbiluluya tapşırıb.
Xıdır (Marduk) – Enkinin oğludur. Əvvəlcə panteonda elə böyük mövqe tutmayıb. Enki Absunu öldürəndən sonra onun arvadı Tiamat bütün tanrılardan qisas almaq fikrinə düşüb. Ancaq tanrılar onu öldürməyə girişməyin çox qorxulu iş olduğunu başa düşürdülər. Tiamat oğlu Kinqlə birlikdə bütün tanrıları öldürmək istəyərkən Xıdır onu öldürməyin müqabilində öz şərtlərini irəli sürür. Xıdır dünya ağalığı istəyir. Tanrılar toplaşıb məsləhətləşirlər, sərxoş olub onun tələbiylə razılaşır və dünyanın taleyini Xıdıra tapşırırlar. Xıdır Tiamatla döyüşür və onu öldürüb yüksək titullar və hüdudsuz səlahiyyətlər qazanır. “Enuma Eliş” adlandırılmış bu mifə görə, Tiamatdan sonra Enki öz oğlu Xıdıra deyir ki, Tiamatın oğlu Kingi də öldür və onun qanından insanı yarat. Halbuki başqa mifdən bəllidir ki, ilk insanı Enkinin özü yaradıb. Xıdırın bir adı da Asallahıdır. Bu ada “Küçədə şirin-şəkər bir qız var” şeirində rast gəlinir. Orda deyilir:

Tanrı Asallahı bunu gördü,
Atası Enkinin yanına gəldi,
Ona yalvardı:
Ata! Küçədə şirin-şəkər bir qız var!

Bu adı Avropa və rus alimləri Asallaxi kimi oxuyublar. Şeirdən onun Enkinin oğlu olduğunu görürük. Xıdır da onun oğludur. Şumer qaynaqlarından tam aydın olur ki, Xıdır uzun müddət panteonda heç bir önəmli yer qazanmamış, axırda bütün böyük tanrılara ası çıxaraq hətta Enlili də, atası Enkini də tamam sıxışdırmış, çox yüksək mövqeyə çıxıb birinciliyi ələ alıb. Bu Assur-Babil dövründə olub. Xıdırın bütün tanrılara ası çıxması və adın “asıların allahı” mənasına uyğunluğu üst-üstə düşür. Burda iki məsələ - Asallahın həqiqətən Xıdırın oğlu olduğu və adın Asallahı oxunuşunun düzgünlüyü öz təsdiqini tapır. Xıdır haqqındakı miflər şumerlərin zəiflədiyi dövrdə yaranmış və geniş yayılıb.

İslam Sadıq
filologiya üzrə elmlər doktoru