Onsuz da heç vaxt bilməyəcəksən... Mədəniyyət

Onsuz da heç vaxt bilməyəcəksən...

Gecələr vicdanımı başıma çəkib ağladığımı

Günay Ümid


Yarımçıq məktub...

Mən heç böyümədim ki...
Baxışlarım
yollara dikilməkdən böyüdü,
Ürəyim
içimin danlağından genişləndi.
Özümsə həmişə uşaq qaldım.

Məncə hər kəsin
özünü qoyub gəldiyi bir yer var,
mən özümü
uşaqlığımda qoyub gəlmişəm,
Doya-doya yaşaya bilmədiyim
uşaqlığımda...

Bilirəm,
yenə ürəyin narahatdı mənə görə,
Bir az küskünsən,
Amma bacarsan
bu dəfə bağışlama məni...
Bütün cızmaqaralarımı
yandırmaqla hədələ...
Onsuz da
"şeir şairin övladıdır" fikriylə
heç vaxt razılaşmamışam...
Onlar məni o qədər yandırıb ki, ana,
həmişə gec qalmışam yaşama...

Bəlkə də qələmlə yoldaşlığımın
səbəbkarı elə sənsən.
Bir az atasızlığımı
unutdurmaq arzusu idi
yazmağımın səbəbi,
Bir az çətin uşaqlığımız idi
barmaqlarıma qələmi boğduran.

İlk dəfə
məktub yazmağım da yadımdadı.
Üçüncü sinifdə oxuyurdum.
Atama, həbsxanaya məktub yazırdım.
Sol əlimlə yazdığım üçün
əllərimi tənbeh də etmişdin çubuqla.
Barmaqlarımdakı zolaqlar göynədikcə
Mən də yazımı yarımçıq saxlayaraq
Məktubumu tənbeh etmişdim.
Yox...
elə iki əllə yazmağımı da
mənə sən öyrətmişdin...
Evdə sağ, məktəbdə sol əllə..
Hə... beləcə pozmuşdum
qanunauyğunluqlarımı.

Yazılarım məndən daha ağıllıdı ana,
Mənsə dağınıq,
səliqəsiz, sərsəri həyatımın
yeganə ağıllısıyam.
Fikir vermə yazdıqlarıma,
Yenə danla-
"boş-boş yazılara zaman ayırıb
uşaqlara korluq verirsən",
"sən heç vaxt bizimlə deyilsən,
ağlın elə həmişə hardasa gəzir" de,
Sonra küs məndən..
onsuz da məni anlamaq çətindir...
Məni içimə sürükləyən
bütün ağrılarımın
hayıfını çıx məndən,
qına məni!
Böyük hərflərlə üstümə qışqırıb
"AXI SƏN ANASAN!" de.

Onsuz da heç vaxt bilməyəcəksən
Gecələr vicdanımı başıma çəkib
Səhərədək ağladığımı...

Bu məktubu da
sənə çatmayacaq deyə yazdım.
Elə yarımçıq...
lap atama yazdığım
Məktub kimi yarımçıq!...



Limonad şüşəsindəki Günəş

Bir az gecədən qalma
rəngsizlik var otağımda,
Döşəməyə dağılmış oyuncaqlar
arabir rəngli-rəngli gülümsəyir
Ümidsizliyin üzünə..
Əllərimi uzadıram,
taqətimə çatmır...
Dilim
Ayağına ilişən cümlələri
Küçə-küçə gəzdikcə
adın büdrədir ayağını.
Uzuqoyulu yıxılır
susqunluğuma.

Bu şeiri də oxuyub deyəcəksən ki,
Yenə yarıyuxuluyam,
Sayıqlayıram..
Ya da...
Dəliyəm.

Bəlkə bu şeiri də
Dünən cırıb əzdiyim
Şeirlərin yanına tullayacam.
Yenə dinlədiyim mahnılar
Mənim əvəzimə hər şeyi danışacaq.
Taaa keçmişə aparacaq məni...
Uşaqlığıma.

Yay günəşi
mənə həmişə uşaqlığımı
xatırladır.
Ayaqyalın tut ağacının
düz başına çıxardım,
Sınıq limonad şüşələriylə
baxardım günəşə.
Dünyanı yaşıl rəngdə görməyi
sevərdim onda.

Bax hələ də gülümsəyə bilirəm
Gözlərimdə titrəyən günəş işığına...
Hələ də yatağımda oturub
ayaqlarımı yelləyə bilirəm
bütün acılarımın şıltaqlığına...
Hər şey
o qədər aydın görünür ki əslində.

Dur!
Çəkmə pərdəni,
Pəncərədən uşaqlığım düşür içəri.

Heç kəs bilmir
Heç kəs bilmir,
niyə həyətdəki tənəklər
üzüm-üzüm ağlayır
yayın istisinə...

Heç kəs bilmir,
niyə göz qapaqlarım
gecələr gödəlir
gözlərimin əyninə...

Heç kəs bilmir,
niyə ürəyim
iki əllə yapışıb yaxamdan.
Nə məni yaşamağa qoyur,
nə özü yaşadır...

Bir də,
heç kəs bilmir ki,
sənin ürəyinə gedən yol
səndən getməkdən keçir...

Yenə üzüm tənəkləri
yayın istisinə,
yaxam ürəyimə,
addımlarım qaçışıma,
gecə gündüzə,
mən də, seyirə uduzdum.



Şizofren


Durdu ayağa,
Qulağına tıxanan
pıçıltıları çırpdı,
ayağının altına tökülən sözləri
səsi kəsilənəcən
dabanıyla sıxmağa başladı.
Duruxdu...
Astaca dabanının
ağrısını qucaqlayıb
içindəki son gəmiyə oturdu
və öz limanından
tez uzaqlaşmaq uçün
son gücüylə,
son nəfəsiylə
üfürdü yelkənə...