Milli Dram Teatrı mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurub Mədəniyyət

Milli Dram Teatrı mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 147-ci teatr mövsümünə “Qarabağnamə” tamaşası ilə yekun vurub. Teatrın mətbuat katibi Cavid Zeynallı bildirib ki, səhnə əsəri onlayn şəkildə nümayiş olunub. Mətbuat katibi bildirib ki, 147-ci teatr mövsümü haqqında danışanda ilk növbədə Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyinə həsr olunan təntənəli yubiley tədbirini qeyd etmək lazımdır: “Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən yubiley tədbiri həm də onunla əlamətdar oldu ki, teatrımızın 21 əməkdaşı “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Xalq artisti” və “Əməkdar artist” fəxri adları, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundular. Mövsüm ərzində isə “Yaşar”, “Dəli yığıncağı”, “Şaxta baba və Beffan nənələr” tamaşalarının premyerası keçirilib. Təəssüf ki, koronavirus pandemiyası bütün sahələrə olduğu kimi teatr sahəsinə də öz mənfi təsirini göstərdi. Mart ayından etibarən teatr öz fəaliyyətini dayandırdı. Eduardo de Filipponun “Filumena Marturano” tamaşasının premyerası planlaşdırılırdı ki, bu premyera ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar qeyri-müəyyən vaxtadək təxirə salındı”.
O əlavə edib ki, xüsusi karantin günlərində Akademik Milli Dram Teatrı öz fəaliyyətini virtual şəkildə davam etdirib: “Mart, aprel, may və iyun ayları üçün virtual repertuar tərtib olundu və cari repertuarda olan, eyni zamanda teatrın arxivində olan tamaşalar “YouTube”, “Fecebook” platformaları və “azdrama.az” rəsmi internet saytı vasitəsilə nümayiş olundu. Sevindirici haldır ki, bu tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənildi.
Artıq teatr mövsümü başa çatdı. Karantindən sonra bizim teatrın ilk işi məşqləri yarımçıq qalan “Filumena Marturano” tamaşasının premyerası olacaq. Daha sonra tamaşaçılarımız çox maraqlı, məşhur əsərləri səhnəmizdə izləyə biləcəklər. İnanıram ki, koronavirus təhlükəsi tezliklə ölkəmizdən uzaqlaşacaq və Akademik Milli Dram Teatrı həmişə olduğu kimi növbəti teatr mövsümündə də öz fəaliyyətini böyük uğurlar üzərində quracaq, öz daimi tamaşaçılarını yeni premyeralarla sevindirəcək”.
Qeyd edək ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik, Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edir.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.