Zəngin uyğur folkloru Mədəniyyət

Zəngin uyğur folkloru

Uyğur dastanlarının çoxu oğuz türkləri arasında da geniş yayılıb

Türkün zəngin mədəniyyətinin öyrənilməsi dərin, köklü, qədim, yaradıcı və sabahlı bir xalqın ümidli üfüqlərini tam mənasıyla təsəvvür etməyə imkan verir. Araşdırmaçı Əli Şamil bildirir ki, uyğurların folkloru zəngin olmaqla yanaşı janr əlvanlığı ilə də seçilir. Ona görə də qonşu xalqların folkloruna, ədəbiyyatına, təfəkkürünə də güclü təsir göstərib: "Ümumtürk folkloruna aid edilən bir sıra nümunələrin qədim Çin və fars qaynaqlarında qorunub saxlanması da dediklərimizə bariz nümunə ola bilər. Xalqlarımızın minilliklərin arxasındakı dünyagörüşünü öyrənmək baxımından miflər olduqca dəyərli informasiyaları özündə qoruyub saxlaya bilib.
Dini-mifoloj sistemin, inancların, əski dövr dünyagörüşlərinin günümüzədək gəlib çatmasında dastanların, əfsanələrin, nağılların və xalq şeirinin xüsusi yeri var. Bu janrlara türk xalqlarının folklorunda kifayət qədər rast gəlmək olur. Uyğurların toplayıb çap etdirdiyi miflərin əsksəriyyətinin başqa türk xalqlarından toplanmış miflərlə oxşarlığı, bəzən də eyniyyəti var. Bunlar da bir daha eyni kökdən şaxələndiyimizdən xəbər verir".
Uyğur miflərində qadın qəhrəmanlardan biri Umay Anadır: "Umay türk mifoloji sistemində yer alan önəmli tanrılardan biridir. Türk mifologiyasında "tanrı" göylə yerin birliyi səklində düsünülən ilahi düzənlə və bu düzəni yaradıb yaşadan ulu güclə bağlı olan güc kimi təsvir edilir. Uyğurlardakı "Yer və ilahi öküz", qazaxlardakı "Göy necə yüksəldi", salurlardakı "Xuda¬nın Göy və Yeri üfürərək yaratması", tuyqunlardakı "Göy ilə Yerin yaranışı", moğollardakı "Göy ilə Yerin yaranışı" və b. yer ilə göyün bir olduğu, onların sonradan ayrıldığı ilə bağlı miflərdir.
Mişer tatarları "əqrəba" (tuqankay), "qardaş" (qarindeşkey) kimi çox yaxın qohumlara "amıy" deyirlər. Bu söz Azərbaycanda atanın qardaşı - əmi kimi işlədilir. Bunun Umayla (Imay, Amıy) bağlılığı haqqında bir sıra maraqlı araşdırmalar var. Tatar alimi N.İsenbet "ama", "eme", "imi", emeci", "emecek", "imçek" kəlimələrinin kökündə də "analıq" anlamının olduğunu və onların hamısının da əski matriaxat dovrünün izlərini özündə yaşatdığını yazır.
Alimcan İnayet və Adem Öger "Uyğur türklerinin mitolojik, dini ve tarihi kadın kahramanları üzerine" məqaləsində uyğurların "Əsma Pəri" mifindən söz açarkən yazırlar: "Göy üzü mələklərinin padısahı bütün mələklərdən gözəl imiş və göy üzünün yeddinci katında yaşayırmış. Təbiətdə baş verənlər bu mələyin əhvalındakı dəyişmələrdən asılıymış. Yəni bu mələk gözünü açanda gün doğar, bütün dünya işıqlanar, gözünü yumanda, yəni yatanda bütün dünya qaranlığa bürünər, ağlayanda yağış yağar, güləndə qar yağar, ağzını açanda tufan qopar, nəfəs alanda yel əsər, qaşını çatsa, hava pozulur, hirslənəndə zəlzələ olar, qaşını oynats, göy qurşağı meydana gəlirmis. Buna görə ona Əsma Pəri deyirlərmiş." Buradakı "Əsma Pəri", yəni "göylərin pərisi" Göy Tanrıdan basqa bir şey deyil".
Əsma Pəri ilə mifoloji Ana arasındakı bağlılığa toxunan araşdırmaçı bildirir ki, əgər yerlə göyün baslanğıcda bir olduğu haqqındakı görüş doğru isə göy ilə yerin ayrılması ilə əslində tək olan Ulu Ana və ya mifoloji Ana Göy Tanrı və Yer-Su Tanrısı olaraq ikiyə ayrılmış olmalıdır: "O zaman Göy Tanrı və Yer-Su Tanrısının Ulu Ana/mifoloji Ana (Ana Yayaçı) kimi həm yaradıcı, həm yoxedici, həm həyatverici, həm öldürücü, həm verici, həm alıcı xüsusiyyətləri ortaq kökə dayanır. Yaradıcı Göy Tanrıdan Günəş Tanrı, Ay Tanrı, Uldız Tanrısı, Ülgen, Kayraxan; Yer-Su Tanrısından Umay/May Ene/Payana/Bayana/Ayıısıt, dağ, çay və meşə əyələri ortaya çıxıb. Yoxedici Göy Tanrıdan İldırım Tanrısı, Simsek Tanrısı, Əjdəha, Erlik; Yer-Su Tanrısından Albastı /Al Qarısı / Yalmavuz / Celbegen / Mestan Kempir / Qara Umay ortaya çıxıb. Bütün bu tanrılar, ilahlar və əyələr, Ulu Ana/mifoloji Ananın həm yaradıcı həm yoxedici, həm yasamverici, həm öldürücü, həm erkək, həm dişi xüsusiyyətlərini daşıyır. Yer-Su Tanrısından biri olan Umay da həm qoruyucu (Ağ Umay), həm yoxedici ölüm mələyi (Qara Umay) funksiyasına sahibdir. Umay türk mifoloji sistemində yalnız qadın və uşaqların qoruyucusu deyil, eyni zamanda heyvanların, qəbilənin də qoruyucusudur. Onun bu qoruyuculuq funksiyası, eyni zamanda, onun qəhrəman, savaşçı yönünə də isarət edir.
Uyğur türklərinin Umayı sevgi ilahı, hamilə qadınların tapındıqları ilah və kiçik uşaqları qoruyan ilah olaraq anladılmaqdadır: "Aləmin üzəri yaradıcı Tanrının yasadığı yer olub, nurlu və parlaq bir məkanmış. Üstdəki parlaq məkan ilə altdakı qaranlıq yer arasında Umay varmış. O, övladlarına torpaq və su verən "baxt ilahı" olaraq bilinirmiş. "Umay İlahə", eyni zamanda sevgi ilahı, hamilə qadınların tapındıqları ilah və kiçik uşaqları qoruyan ilah olaraq da qəbul edilirmiş.""
Dini-mifoloji varlıq olan Umayın qoruyucu və bu vəzifənin qarşılığı olan qəhrəmanlıq və döyüşçülük funksiyası xalq ədəbiyyatının müxtəlif janrlarında fərqli səkillərdə işlənib, şaxələnib və zənginləşdirilib: "Uyğurlar arasında müxtəlif kəramətləri ilə xatırlanan qadın qəhrəmanlardan Əmçək Xocam haqqındakı əfsanədə onun izlərini görmək olar. Əmçək Xocamın Turfanın Toksun qəsəbəsində qəbri var. Buraya insanlar, xüsusən də döşündə xəstəliyi olan, südü az və ya heç olmayan qadınlar ziyarətə gəlirlər. Araşdırıcıların fikrincə, bu ziyarətin kökündə tarixi qəhrəmana sayğıdan çox uyğurlarda Umay Anaya inancın yaşaması durur.
Uyğurlar arasında yadelli işğalçılara müqavimət göstərən qadınlar haqqında da maraqlı əfsanələr var ki, araşdırıcılar onlarda da Umayın izlərinin olduğunu yazırlar. Xalq arasında geniş yayılmış "Büvi Rabia haqqında" əfsanəni və "Ana qovuq haqqında" əfsanəni buna misal göstərmək olar.
Uyğurlarda "Ana kovuk hakkında" adlı əfsanəsindəkı Kızılçı xanım Umay Ananı xatırlatmaqdadır. Kızılçı xanım "günəş ilə yarışan", "aydan geri qalmayan gözəlliyi", "savaşda kişi kimi geyinməsi", "cəsur", "çevik", "bahadır", "igid" özəlliyi, "qılıç" və "mızraq" işlətməsi, duasının qəbul olub "yerin yarılması" və "onu qoynuna alması" kimi epitetlərlə təqdim edilir ki, bunların da çoxu Umay Anada var.
Müsəlman uyğurların buddistlərlə apardıqları döyüşdən bəhs edən əfsanələrdə də qadın qəhrəmanların təsvirində Umay Ananın izləri görünür".
Araşdırıcılar uyğurları türk xalqları arasında ilk oturaq həyata keçənlərdən sayırlar: "Türk soyunun ən qədim abidələri hesab edilən "Törəyiş" və "Köç" dastanları uyğurların qədim inanc və təsəvvürlərini, bu etnosun yaranma tarixini poetik dillə ifadə edən mifik dastanlar sayılır. "Köç" demək olar ki, "Törəyiş"dən sonrakı hadisələri özündə əks etdirir. Bəzi araş¬dırıcılar isə hər iki mətni böyük bir uyğur dastanının parçaları hesab edirlər. Hər iki dastanın türkcə mətnləri günümüzədək gəlib çatmayıb. Dastanların mətnləri Çin və İran mənbələrindən alınıb. 13-14-cü yüzillərdə yaranan "Çingiznamə" (Çingiz xan) dastanında da "Törəyiş" və "Köç" dastanları ilə oxşar motivlər var.
Uyğurların toplayıb çap etdirdikləri dastanların əksəriyyəti türk xalqlarının, xüsusən oğuz türklərinin arasında da geniş yayılıb. Onların "Qərib ilə Şahsənəm", "Tahir ilə Zöhrə", "Yusup ilə Əxmət", "Məsud ilə Dilaram", "Sənevbər", "Qəmərşah ilə Şəmsi Canan" və b. dastanları, mövzusu Qurani-Kərimdən, Doğu ədəbiyyatından alınmış "Yusup ilə Zileyxa", "Pərhad ilə Şirin" və b. dastanlarla istər Azərbaycandan, istər İran türklərindən, istər Türkiyədən toplanaraq nəşr edilmiş dastanlar arasında oxşarlıq çoxdur.
Bir sıra dastanlar da var ki, bunlar uyğurların 19-20-ci yüzillərdə yaşamı və mübarizəsilə bağlıdır. Bu dastanlarda uyğurların yadelli işğalçılara qarşı mübarizəsi təsvir edilib. "Abdulrehman xan Qoca" dastanı "Tümür Xəlpə" üsyanının təsiri ilə yaranıb. Üsyan isə 1911-ci ildə Qumulda baş verib".
İşğalçılara qarşı müqavimət yalnız dastanların deyil, əfsanə, rəvayət və xalq mahnılarının da yaranmasına səbəb olub: "Döyüş, müqavimət, etiraz, sevgi, məhəbbət, sədaqət kimi mövzular epik əsərlərin yaranmasına geniş imkanlar açdığından uyğurlar arasında son yüzilliklərdə maraqlı bölgəsəl dastanlar yaranıb. Bu dastanlar arasında "Naziqim" (Nazuqum-Nuzuqum) dastanı daha geniş yayılıb və dillər əzbərinə çevrilib. Dastanda Kaşqar xalqının 1826-ci ildə Çin hökumətinə qarşı başladığı milli azadlıq hərəkatı və bu üsyanın zor gücünə yatırılmasından sonra baş verən hadisələr təsvir edilib. Beləliklə, Naziqim uyğurların milli azadlıq mübarizəsinin və müstəqillik uğrunda savaşının simvoluna çevrilib.
Uyğur folklorunda qəhrəman kimi tanıdılan qadınlardan biri də İparxandır. İparxanın əsil adı Nur Əlanurdur. Apaq Xoca (Hidayitullah) tərəfindən Üçturfana sürgün edilən Saidiyə xanlığının hökmdarı Əmir Muhammədin nəvəsi olan Nur Əlanurxanın gözəlliyi dillər əzbəri olduğuna görə ona xalq arasında İparxan deyilib. "Kitabi Dədə Qorqud"dakı Banuçiçək kimi at minib ox atmaqda mahir olan, savaşlarda qəhrəmanlıq göstərən İparxan Mançu xanlarından İsinqnunun əsgərləri ilə döyüşdə əsir düşür. Onun gözəlliyinə və döyüşlərdə göstərdiyi hünərə heyran qalan İsinqnu xan bu qəhrəman qadınla evlənmək sevdasına düşür. Lakin İparxan əsir olsa da İsinqnu xanın təklifini qəbul etmir. Bütün hiylələr və təzyiqlərə müqavimət göstərməyi bacarır.
Hər iki qadın qəhrəmanın haqqında dastanla yanaşı əfsanə, rəvayət və mahnılar da yaradılıb".
1864-1871-ci illərdə Mançu istilasına və onun yerlərdəki əlaltılarına qarşı bir neçə dəfə üsyan baş qaldırıb: "Bu üsyanlarda qəhrəmanlıq göstərən qadınlardan biri də Mayimxan olub. Mançu hakimiyyətinə qarşı üsyanda göstərdiyi igidliyə görə xalqın sevimlisinə çevrilən Mayimxanı həbs edərək dar ağacından asıblar.
Doğu Türküstanda 1944-1945-ci illərdə baş verən milli azadlıq hərəkatını çox vaxt "Üç vilayət inqilabı" adlandırırlar. Çin (Quomindanq) əsgərlərinə qarşı vuruşmalarda igidlik göstərən insanlardan biri də Rizvangül olub. Rizvangül 1944-cü ildə Qulcanın Hərəmbağ bölgəsində yadellilərə qarşı savaşda şəhid olub. Bu cəsur və qəhrəman qızın şərəfinə də mahnılar qoşulub, hünərini öyən şeirlər yazılıb. Xalqın sevimlisinə çevrilən Rizvangül haqqında qoşulan mahnıların birində deyilir:

Xəvər kəldi goya bir -Xəbər gəldi guya bir,
Suldi digən qizil gül -Soldu deyə qızıl gül.
Vətən uçun can pida -Vətən üçün can fəda,
Emesmidu Rizvangül - Deyilmiydi Rizvangül?

Uğur