Yamato şəhərində Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub Mədəniyyət

Yamato şəhərində Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub

Yaponiyanın Yamato şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən xalqcəbhəsi.az-a verilən məlumata görə, Kanaqava prefekturasına daxil olan şəhərin Sirius konsert zalında baş tutan musiqili gecə Yaponiyada yaşayan soydaşımız, fortepiano ifaçısı Gülnarə Azuma-Səfərovanın və yapon həmkarlarının birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
Konsert zamanı həmvətənimiz yapon musiqiçiləri ilə birlikdə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Tofiq Quliyevin əsərlərini ifa edib. Azərbaycan milli geyimində səhnəyə çıxan yapon müğənnininazərbaycanca bəstəkar Tofiq Quliyevin “Zibeydə” mahnısını ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Qeyd edək ki, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, pedaqoji elmlər doktoru Gülnarə Azuma-Səfərova Bakı Musiqi Akademiyasının (BMA) fortepiano fakültəsini bitirib. 1997-2007-ci illərdə BMA-nın dosenti vəzifəsində çalışıb. Yaponiya vətəndaşı ilə ailə həyatı quran soydaşımız 2008-ci ildən gündoğan ölkədə yaşayır. Azərbaycanın qədim və zəngin musiqisinintanıdılması və təbliğ olunması məqsədilə yapon musiqiçiləri ilə birlikdə bu ölkədə müxtəlif layihələr həyata keçirir.