“Azərbaycan qazı Avropadan sonra Yaxın Şərqə ayaq açdı” Gündəm

“Azərbaycan qazı Avropadan sonra Yaxın Şərqə ayaq açdı”

“2011-ci ildə vətəndaş müharibəsi başlamazdan əvvəl Suriya gündə 400 min barel neft hasil edib ixrac edirdi. Amma indi o, gündə cəmi 20 min barel hasil edə bilir və idxala arxalanır. 2011-ci ildə yenicə inkişaf edən təbii qaz sektoru indi demək olar ki, mövcud deyil. Suriyanın keçici hökuməti bütün təzyiq və çətinliklərə baxmayaraq ölkəni yenidən dirçəltməyə, dövlət kimi subyektliyini bərpa etməyə çalışır. Azərbaycan bu işdə tarixi addım atdı. İlkin olaraq Hələb vasitəsilə gündə altı milyon kubmetr qaz Suriyaya çatdırılacaq. Bunun 1200 meqavat elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da təxminən beş milyon suriyalıya ev təsərrüfatı ehtiyaclarını ödəməyə kifayət edəcək”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, Türkiyə həm də ilkin mərhələdə boru kəmərinin ixrac qabiliyyətini 25% artırmağı planlaşdırır, uzunmüddətli hədəfi isə hasilatı 860 meqavata qədər artırmaq və potensial olaraq əlavə 1,5 milyon evi elektrik enerjisi ilə təmin etməkdir: “Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirir ki, Türkiyədən Suriyaya elektrik enerjisi ixracı 8 fərqli nöqtədən həyata keçirilir, ilk mərhələdə ixrac qabiliyyəti 25 faiz, gələcəkdə isə iki dəfədən çox artacaq. Türkiyə bu işdə gərgin əmək sərf edir. May ayında Aİ və ABŞ-nin Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvindən dərhal sonra Kalyon Holding ilə Türkiyədən Cengiz Holdinq, Qətərdən UCC, ABŞ-dən Power International şirkəti və Suriyanın Energetika Nazirliyi arasında 7 milyard dollar dəyərində strateji əməkdaşlıq müqaviləsi elan edilib”.

A.Badamovun sözlərinə görə, vətəndaş müharibəsi başlayandan bəri suriyalılar ciddi enerji çatışmazlığı yaşayırlar: “İllərlə davam edən müharibə ölkənin elektrik şəbəkəsinin 50%-dən çoxunu iflic vəziyyətinə salıb, elektrik istehsal gücünü 8500 meqavatdan 3500 meqavat-a endirib. Bunun əsas səbəbi Mharde, Hələb və Zeyzun bölgələrində elektrik stansiyalarına ciddi ziyan dəyməsidir. Türkiyə Suriyanın bərpasında mərkəzi yerdə dayanır və dəstəyinə arxalandığı aktorlar mövcuddur. Bunlardan birincisi Azərbaycandır. Həm Azərbaycan və Suriya prezidentlərinin Antalyadakı forumda görüşü, həm də iyulun 12-də Suriya Prezidenti Əhməd əl-Şaraanın başçılıq etdiyi keçici hökumət nümayəndələrinin iyulun 12-də Azərbaycana səfəri zamanı baş tutan müzakirələr bir çox məsələlərə işıq tutdu. Nəticə etibarilə, Azərbaycan qazı Avropadan sonra Yaxın Şərqə də ayaq açdı. Cənab Prezident İlham Əliyev regionla məhdudlaşmayan qlobal siyasət yürüdür. Bu fakt bu gün bir daha sübut olunur. Azərbaycan qazının Avropadan sonra Yaxın Şərqə də ayaq açması qazın, xarici siyasətin şaxələndirilməsi deməkdir. Etibarlı tərəfdaş olaraq Azərbaycan özünü sübut etməyi bacarıb”.

O həmçinin vurğulayıb ki, bu hadisə sadəcə Suriyanın qazla təminatı, bərpa-quruculuğuna dəstək deyil, həm də onun tranzit ola bilmə şansı deməkdir: “Azərbaycan Suriyaya bu şansı verməklə onun xarici siyasətində manevr imkanlarını genişləndirir ki, göstərilən bu dəstəyin miqyası ölçüyə gəlməz. O da qeyd olunmalıdır ki. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, bərpa etmək olar. Beləliklə də Azərbaycan qazı Suriyadan keçməklə Misirə qədər çatdırıla bilər. Mümkün olan bir digər məsələ Azərbaycanın elektrik enerjisinin Yaxın Şərq regionuna ixrac edilə bilməsidir. Göründüyü kimi Azərbaycan ard-arda addımlar atmaqla qazını və xarici siyasətini diversifikasiya edir”.

Röya İsrafilova