“Daha çox dayanıqlı artımın təmin olunması kənd təsərrüfatı və sənaye üzrə mümkündür” Gündəm

“Daha çox dayanıqlı artımın təmin olunması kənd təsərrüfatı və sənaye üzrə mümkündür”

“Neft-qaz sektoru üzrə olan azalma gözlənilən idi. Çünki neft hasilat həcmlərinin azalması və ümumi daxili məhsul (ÜDM) hesablanarkən məhz dəyərə deyil, bilavasitə hasil edilən neftə fokuslandığından neft hasilat həcmlərinin də azalması, təbii ki, ÜDM daxilində neft sektoru üzrə olan göstəricilərin azalmasını öncədən də deməyə əsas verirdi. Qeyri-neft sektoru üzrə 2,6 faiz artım isə hazırkı vəziyyət üçün orta səviyyədə qiymətləndirilə bilər”.

Bu fikirləri xalqcebhesi.az-a iqtisadçı Eldəniz Əmirov deyib.

E.Əmirovun sözlərinə görə, nəzərə alsaq ki, 30 faiz neft, 70 faiz isə qeyri-neft-qaz sektorunun payına düşür, əslində, bu, faiz göstəricisi və artım dinamikasında olan göstərici bir-birini tamamlayır: “Sadəcə burada bir məsələ var ki, əsas istiqamətlər üzrə olan, məsələn, sənayedə cəmi 0,2 faizlik artım, kənd təsərrüfatında 1,1 faizlik artım, eyni zamanda, tikinti sektorunda 8,2 faiz azalma özlüyündə kifayət qədər qayğılandırıcı bir məqamdır. Oxşar dinamika nəqliyyat və ambar təsərrüfatı, eyni zamanda, daha çox artımın qeydə alındığı informasiya və rabitə sahəsində də olsaydı, təbii ki, göstəricilər yaxşı olmazdı. Amma ən müsbət dinamikanın informasiya və rabitə sahəsində 11,1 faiz, nəqliyyat və ambar təsərrüfatında 10 faiz olması, düşünürəm ki, böyük ölçüdə ümumi ÜDM-ə öz təsiri göstərib. Ancaq bu sektorların payı ümumi ÜDM daxilində də azdır. Əgər ÜDM daxilində bunların payı yüksək olsaydı, o zaman təbii ki, 11 faizlik, 10 faizlik bu göstəricilər də daha yuxarı səviyyədə rəqəmlərin əldə olunmasına gətirib çıxarardı”.

İqtisadçı düşünür ki, hazırkı vəziyyətdə Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə sadəcə neft-qaz sektorundan asılılığın azalması yox, həmçinin qeyri-neft-qaz sektorunda dayanıqlı artımın, ələlxüsus da sənaye və kənd təsərrüfatı, eləcə də tikinti üzrə dayanıqlı artımın təmin edilməsidir: “Düzdür, tikinti üzrə dayanıqlı artım uzunmüddətli dönəm üçün o qədər də real deyil, ancaq daha çox dayanıqlı artımın təmin olunması kənd təsərrüfatı və sənaye üzrə mümkündür”.

Röya İsrafilova