Bəhruz Məhərrəmov: “Azərbaycanın suverenlik xəttinə heç bir qüvvə təsir edə bilməz” Gündəm

Bəhruz Məhərrəmov: “Azərbaycanın suverenlik xəttinə heç bir qüvvə təsir edə bilməz”

“Son zamanlar müşahidə edilən beynəlxalq proseslər fonunda tam səmimiyyətlə demək mümkündür ki, artıq Qafqaz və Mərkəzi Asiyadan daha geniş bir coğrafiyada təhlükəsizlik arxitekturası Bakıdan diqtə olunur və hüquqi-siyasi məzmunda etimad quruculuğunun lokomotivi məhz Azərbaycandır”.

Xalq Cəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan tarixinin bütün dövrləri ilə müqayisədə daha güclüdür və ölkənin bu mövqeyə yüksəlməsində Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti həlledici rol oynayır:

“Biz tarixin bütün dövrlərində olduğumuzdan çox daha güclüyük. Amma etiraf edək ki, iri qlobal subyektlərin maraqlarının təmərküzləşdiyi bir coğrafiyada nə maliyyə imkanlarımız, nə demoqrafik göstəricimiz bizim qlobal oyunçuya çevrilə bilməyimiz üçün təməl zəmin sayıla bilməz. Bu reallığın təməlində yalnız bir amil dayanır – cənab İlham Əliyevin vizyonu və qətiyyəti.

Bax buna görə, bu coğrafiyanın sərvətlərini və logistik imkanlarını özününküləşdirmək istəyənlər, dolayısı ilə Azərbaycanı kiçik və gücsüz görməyə ümid edənlər üçün Azərbaycanın güclü mərkəzləşmiş hakimiyyəti və suveren qüdrəti arzuolunan deyil.

Ölkədə son günlər müşahidə edilən proseslər də göstərdi ki, imperializm və onun ucuz uzantıları bu reallığı dəyişmək arzusu ilə fürsət gözləyir. Məsələn, bu günlərdə din amilinə əl atmaq istədilər, amma reallıqda bilirik ki, ölkəmizdə dövlət-din münasibətləri çox yüksək səviyyədə təşəkkül tapıb. Cənab İlham Əliyev yeddi müsəlman dövlətinin ərazisindən daha böyük ərazidə məscidləri tapdaqdan qurtarıb və göstərib ki, bizim Vətən boyda imanımız var.

Yaxud, xatırlayırsınız, radikal ünsürlər bir neçə həftə əvvələ qədər əlləri çatan bütün media qurumlarında hay-küy salırdılar ki, Əli Kərimli dindarla bir kamerada saxlanır və bu, onun həyatı üçün təhlükə yaradır. İndi təsəvvür edin, bu təfəkkür saxtakarcasına “vicdan azadlığı”nın “müdafiəsinə” qalxıb.

Yaxud, Azərbaycan və Türkiyə arasında münasibətlərlə bağlı xülyalara şahidlik etməkdəyik.

Amma iki ölkə arasında münasibətlər o qədər kövrək deyil ki, uğursuz siyasi trollar tərəfindən onlara yön verilsin. Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı mərhələsinə Azərbaycanın öz hesabına qazandığı mütləq Zəfər fonunda Şuşa Bəyannaməsi ilə yön verilib və cənab İlham Əliyevin nümayiş etdirdiyi siyasi qətiyyət göstərməkdədir ki, heç bir qüvvə bu reallığı dəyişə bilməz.

Yəni, mürəkkəb bir period keçdik, aydındır ki, tarix üçün belə situasiyalar yad deyil. Əsas belə proseslərdən güclü çıxmaqdır ki, Azərbaycan Prezidenti göstərdi ki, hər kəsi suverenlik xəttindən bəlli məsafədə saxlamağı bacarır və daxili yurisdiksiyamızda olan məsələlər barədə son sözü məhz milli iradə deyə bilər”.

Günel Elxan