
“Göründüyü kimi, Qarabağ Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevrilməkdədir. Bu, həmçinin Azərbaycan iqtisadiyyatının dayanıqlığının və iqtisadi diversifikasiyanın dəstəklənməsi deməkdir”.
Xalq Cəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, oktyabr ayında işğaldan azad olunan dörd rayonumuzun şəhər günləri qeyd olunur: “Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın formalaşması və reinteqrasiya prosesi intensiv şəkildə davam etdirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində uzun müddət işğal altında qalan və tamamilə dağıdılan ərazilərimiz yenidən bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Bu, bir daha Azərbaycanın gücünü təsdiq edir.
Son illər həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadiyyatında ciddi irəliləyişlər qeydə alınıb. Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb. Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır.
Doğrudur, Qarabağ iqtisadi rayonu yalnız işğaldan azad olunan ərazilərimizi əhatə etmir. Amma işğaldan azad olunan və bərpa edilən ərazilərimizdə xüsusi iqtisadi inkişaf müşahidə edilməkdədir. Belə ki, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17,4 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb”.
Deputat qeyd edib ki, Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur:
“Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ iqtisadiyyatının reinteqrasiya prosesi daha sürətlənmişdir. Zəfərdən sonra həyata keçirilən yenidən qurma və bərpa işləri nəticəsində Qarabağda tikinti sektoru 10 dəfədən çox böyüyüb. İnşaat sektorundakı canlanma iqtisadiyyata yeni dəyər qatmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına da xidmət etməkdədir.
İki gün sonra şəhər gününü qeyd edəcək Qubadlı rayonunun da daxil olduğu Şərqi Zəngəzurun iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoyub. Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi.
Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var. Qarabağda olduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonumuzda da geniş tikinti işləri müşahidə edilir. Bu iqtisadi rayonumuzda tikinti sektorunun həcmi 4 milyard manata yaxınlaşmaqdadır”.
Vüqar Bayramov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəaliyyətin genişlənməsi Azərbaycanın iqtisadi potensialının güclənməsinə, şaxələndirilməsinə və dayanıqlığının artırılmasına töhfə verir.
Günel Elxan