Rusiyanın düşmənçilik siyasəti: şovinist kampaniya davam edir Gündəm

Rusiyanın düşmənçilik siyasəti: şovinist kampaniya davam edir

Azərbaycanda tarixən törədilən bir çox faciələrin, qətliamların arxasında Rusiyanın dayandığını Azərbaycan cəmiyyəti bilir. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, eləcə də Ermənistana dayaq durmaq, onu silahlandırmaq, Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanmasına şərait yaratmaq bütün bu hadisələrin hər biri əsasən Rusiyanın xüsusi rolu ilə baş verən hadisələrdir.

Həmçinin 2024-cü ilin dekabr ayında Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması, Yekaterinburq, Ukraynada Azərbaycanın enerji infrastrukturunun hədəfə götürülməsi, Rusiya mediasında anti-Azərbaycan kampaniyası və təhqiramiz yazılar bütün bunlar da Rusiyanın Azərbaycana qarşı düşmənçilik siyasətinin bir hissəsidir.

Bildirək ki, ən son baş verən bu hadisələrdən sonra Azərbaycan-Rusiya münasibətləri daha da gərginləşdi və bu gərginlik indi də davam etməkdədir.

“Xalq Cəbhəsi” bütün bu proseslərdən yola çıxaraq Rusiyanın Azərbaycana qarşı düşmənçilik siyasəti haqqında millət vəkillərinin, politoloqların fikirlərini öyrənib.

“Ermənistan bu siyasəti davam etdirib”

Milli Məclisin deputatı Elşad Musayev deyib ki, 44 günlük Vətən müharibəsində də, ondan sonrakı dövrdə də biz Rusiyaya qarşı daha çox real vəziyyəti nəzərə alaraq dözümlülük siyasəti həyata keçirdik: “Amma Rusiya bütün hallarda Ermənistana kömək edirdi. Rusiya Prezidenti etiraf elədi ki, 44 günlük müharibəsi dövründə də biz Ermənistana müttəfiqlikdən dolayı bütün yardımları elədik. Ondan əvvəlki dövrlər də hamının yadındadır. Bizim ərazilərimizin işğal olunması Rusiyanın birbaşa patronajlığı altında həyata keçirilib və Ermənistan bu siyasəti davam etdirib”.

“Rusiyanın siyasəti dəyişməyib”

E.Musayev bildirib ki, bütün bu mərhələlərdən sonra Rusiya Ukrayna cəbhəsində bataqlığa batmasına baxmayaraq bir balaca nəfəs alan kimi ətraf ölkələrə, o cümlədən Azərbaycana qarşı da öz məkrli təzyiq siyasətini davam elətdirdi və bu təzyiq siyasətinin nəticəsi olmayanda, Azərbaycan müstəqil siyasət həyata keçirəndə Rusiya tərəfindən Azərbaycan təyyarəsi vuruldu: “Eyni zamanda Azərbaycan Prezidenti Rusiya hava məkanında olanda təyyarənin GPS sistemi söndürülüb. Azərbaycan siyasi rəhbərliyinə Rusiya sui-qəsd xəbərdarlığı elədi. Belə qəbul eləmək lazımdır. Ondan sonrakı mərhələdə də Rusiya normal üzrxahlıq eləmədi, zərərin ödənilməsilə bağlı konkret bir şey demədi. Bununla da münasibətlər daha da gərginləşdi. Bundan əvvəlki dövrlərdə də belə olub. Yalnız 20 Yanvar, Xocalı hadisələrində Rusiyanın mənfi rolu olduğunu deməkdən başqa, həm də bütövlükdə xalqımızın, dövlətimizin bölünməsi, parçalanması hamısı Rusiya ilə bağlıdır. İndiki Rusiya yenə də Pyotrun dövründən bəri aparılan işğalçılıq siyasətini davam etdirir. Yəni Rusiyanın siyasəti dəyişməyib, işğalçılıq siyasəti indi də davam edir”.

“Azərbaycanın güclü potensialı var”

Deputat Azərbaycanla Ermənistanın ABŞ Prezidenti Trampın iştirakı ilə ümumi razılığa gəldiyini deyərək əlavə edib ki, bu, Rusiyanı qane eləmir: “Azərbaycanın maraqlarına uyğun odur ki, Azərbaycan Naxçıvan arasında maneəsiz keçid olsun, Azərbaycanın türk dünyasına birbaşa çıxışı olsun, türk dünyası genişlənsin, inkişaf eləsin, eyni zamanda ticarət əlaqələri güclənsin, Azərbaycan üzərindən nəqliyyat kommunikasiya xətləri keçsin. Bu, Rusiyanı qane eləmir. Bundan sonrakı mərhələdə Rusiya tərəfindən növbəti gərginliyin, təzyiq siyasətinin həm Azərbaycan tərəfə, həm Ermənistan tərəfə davam etdiyini gözləmək olar. Eləcə də İran tərəfdən də həmin siyasətin aparılacağını gözləmək olar. Amma Azərbaycanın kiyafət qədər güclü potensialı var”.

“Repressiya kampaniyası davam etməkdədir”

Politoloq Oqtay Qasımov hazırda Azərbaycanın Rusiya ilə münasibətlərinin kifayət qədər gərgin olduğunu bildirərək əlavə edib ki, bunun da əsas səbəbi ondan ibarətdir ki, Rusiya ənənəvi olaraq özünün şovinist, imperiapərəst davranışları ilə münasibətlərə xələl gətirib, Azərbaycanın təyyarəsi vurulub: “Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiq və repressiya kampaniyası davam etməkdədir. Bundan başqa biz tarixən də çox yaxşı bilirik ki, Rusiyanın Güney Qafqaza yerləşdikdən sonra Azərbaycana qarşı apardığı siyasət tamamən düşmən bir siyasət olub. Belə ki, ərazilərimiz işğal olunub, bölgəmizə, ərazilərimizə başqa coğrafiyalardan ermənilər gətirib yerləşdirilib. Ardınca ərazimizdə ermənilərə muxtariyyət və dövlət qurulub verilib. Azərbaycanlılar hazırkı Ermənistan ərazisindən məhz Rusiyanın xeyir-duası ilə qovulublar, deportasiya olunublar”.

“Rusiya cəmiyyətinin düşüncəsi nədirsə, Rusiya dövlətinin siyasəti də odur”

O.Qasımov vurğulayıb ki, Xocalı qətliamı, Azərbaycan torpaqlarının işğal edilməsi və bu kimi hadisələrin hər birinin arxasında çox təəssüflə qeyd etmək lazımdır ki, Rusiyanın izi, əli var: “Bu prosesdə birbaşa onun müəllifi də və ermənilərlə erməni Azərbaycan münaqişəsini, müharibəsini ortaya salan da Rusiyadır desək yanılmarıq. O baxımdan Rusiyanın hazırkı siyasəti də məhz həmin siyasətin davamı kimi dəyərləndirilməlidir. Biz Rusiyanın media məkanında baş verən anarxiyanı və Azərbaycana qarşı düşmən mövqeyi də məhz bu kontekstdən dəyərləndirməliyik. Yəni Rusiya cəmiyyətinin düşüncəsi nədirsə, Rusiya dövlətinin siyasəti də məhz odur”.

Röya İsrafilova