

30 Sentyabr 17:19
30 Sentyabr 15:46
Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda AŞPA-nın iclasında Azərbaycanla sülhün təmin edilməsini tarixi hadisə adlandırıb. O, bunun hər iki ölkə və xalq üçün böyük nailiyyət olduğunu qeyd edib.
Məsələ ilə bağlı Xalqcebhesi.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmalar Cənubi Qafqaza sülh gətirən tarixi sənədlərdir.
“Bu gün Azərbaycanla Ermənistan arasında silahların susması artıq sülhün reallığa çevrildiyini göstərir. Azərbaycan müharibəni başa çatdırdığı gündən düşmənçilik səhifəsini bağlamağı və münasibətləri yeni əsasda qurmağı təklif etmişdi. Təəssüf ki, Ermənistan tərəfdən uzun müddət konstruktiv yanaşma müşahidə olunmadı. İndi isə Ermənistan hakimiyyətində sülhün dəyəri anlaşıldığını görürük”.
Deputat qeyd edib ki, regionda davamlı əməkdaşlıq və inkişaf üçün əsas şərt Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır: “Əgər bu addım atılarsa, yekun sülh müqaviləsi imzalanacaq və uzun illər düşmənçilik yaşamış iki dövlət arasında normal münasibətlər formalaşacaq”.
Azər Badamov əlavə edib ki, Azərbaycan və Ermənistanın qonşu olması dəyişməz bir reallıqdır: “Bizim Cənubi Qafqazdan çıxıb gedəcək yerimiz yoxdur. Əbədi düşmənçilik xalqlarımıza yalnız gərginlik gətirər. Ermənistan bu fürsəti düzgün dəyərləndirsə, regiona qalıcı sülh gələcək və xalqlarımız təhlükəsizlik və rifah içində yaşayacaqlar”.
Günel Elxan