"Hüquq uzun proses olduğuna görə gec olur, həm də güc olur!" Gündəm

"Hüquq uzun proses olduğuna görə gec olur, həm də güc olur!"

Əsrin məhkəməsi cəzasızlıq mühitinə son qoymaqla həqiqət anını ortalığa çıxartdı
İkinci Qarabağ müharibəsindəki möhtəşəm zəfərimiz tarixi ədalətin bərpası idi. Azərbaycan insanına böyük ruh yüksəkliyi gətirən qələbə ərazi bütövlüyümüzün bərpası ilə bərabər cəzasızlıq mühitinə son qoymaq üçün yeni imkanlar yaratdı. Amma, lakin xarici havadarlarının himayəsinə sığınmış ermənilərdən ibarət bir qrup cinayətkar dəstə təslim olmadı. Nəinki təslim olmadı, hətta separatizmi genişləndirərək vəziyyəti daha da kəskinləşdirdilər.

Bunu xalqcebhesi.az-a siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

"Nəhayət, şanlı tariximizə əbədi yazılan 2023-cü ilin sentyabr ayının 19-20-də keçirilən antiterror tədbirlərində Azərbaycanın suverenliyi tam bərpa oldu. Həmin cinayətkar şəbəkənin üzvləri həbs edildi. Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının dünyanın gözü qarşısında məhkəmə prosesi çox aşkar keçirildi. Hüququn bütün tələblərinə uyğun aparılmış bu prosesdə çoxsaylı şahid ifadələri dinlənildi, irəli sürülmüş ittihamlar öz əsaslı təsdiqini tapdı. Bakı Hərbi Məhkəməsində ağır cinayətlərdə ittiham olunan həmin ermənilər təkzibolunmaz faktlarla, əsaslı sübutlarla üz-üzə qaldılar" - o, deyib.

Ə.Bəydəmirlinin fikrincə, bu gün dünyada erməni lobbisinin belə cinayətkarla bağlı vay salması, hay-küy qaldırması gözləniləndir. Günahsız azərbaycanlıların qanını tökən həmin qatillərin müdafiəsi ilə bağlı bütün cəhdlər əbəsdir. Ona görə ki, bütün faktlar təsdiqni tapdı:

"Azərbaycan yalnız torpağını işğaldan azad etmədi, həm də ermənilərin yaratdığı cəzasızlıq mühitinə, separatizmə son qoydu. Bu gün münaqişələrdən, separatizmdən, əsassız torpaq iddialarından əziyyət çəkən dünya üçün bu, yaxşı örnəkdir.

İstər Ermənistanın daxilində, istırsə də, xaricində yaşayan ermənilər artıq dərk etməlidirlər ki, separatizmin, terrorun, qanunsuz əməllərin sonu ədalət məhkəməsidir, cəzadır.

Gerçəkdən əsrin məhkəməsi cəzasızlıq mühitinə son qoymaqla həqiqət anını ortalığa çıxartdı. Unutmaq olmaz ki, hüquq uzun proses olduğuna görə gec olur, həm də güc olur!".

Cavid