“ABŞ-nin mövqeyi Azərbaycanın siyasi qələbəsini təsdiqlədi” Gündəm

“ABŞ-nin mövqeyi Azərbaycanın siyasi qələbəsini təsdiqlədi”

“ABŞ Prezidenti Donald Tramp tərəfindən möhtərəm Prezident İlham Əliyevin Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclasına dəvət olunması və tədbir zamanı Azərbaycanın sülh təcrübəsinə xüsusi diqqət göstərilməsi ölkəmizin qlobal sülh gündəliyində artan rolunun açıq göstəricisidir”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov xalqcebhesi.az- açıqlamasında bildirib.

Deputat qeyd edib ki, “Sülh Şurası”nın ilk iclasında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyanın nümayişkaranə şəkildə əl sıxması cənab İlham Əliyevin təşəbbüsləri üzərində qurulan sülh prosesinin artıq geriyə dönüşü olmayan mərhələyə qədəm qoyduğunu göstərir:
“Bu fakt beynəlxalq ictimaiyyətə açıq mesajdır ki, regionda sülh məhz Azərbaycanın siyasi iradəsi və təşəbbüsləri əsasında formalaşır. Dünyanın siyasi nəbzinin döyündüyü məkanda bir nömrəli qlobal güc olan ABŞ Prezidentinin çıxışında dəfələrlə Azərbaycan–Ermənistan arasında əldə edilən sülhə toxunması və prosesi yüksək qiymətləndirməsi təsadüfi deyil.Bu, Azərbaycanın hərbi-siyasi zəfərlərindən doğan yeni reallıqların artıq qlobal səviyyədə qəbul edildiyini göstərir və ölkəmiz üçün növbəti mühüm siyasi qələbədir.”

Deputatın sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın diktə etdiyi şərtlərlə formalaşan sülh bir sıra xarici güclər üçün arzuolunan ssenari olmayıb:
“Azərbaycan və Ermənistan arasında müharibəyə son qoyulması bəzi dairələr üçün regionla bağlı planların iflası demək idi. Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra bu reallıqları dəyişməyə yönələn cəhdlər də bunu sübut etdi.Prezident İlham Əliyevin qətiyyətli siyasəti, regionda maraqları uzlaşdırmaq bacarığı və Azərbaycanın artan gücü bu cəhdlərin qarşısını alıb.Artıq ABŞ timsalında bütövlükdə qlobal cameə təkcə yeni reallıqları qəbul etmir, eyni zamanda bu reallıqlardan faydalanan tərəf kimi çıxış etməyə çalışır. Bu isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini göstərir.”

Günel Elxan