Aydın Hüseynov: “Vətəndaşa yeni mülkiyyət verilmir, mövcud hüququ rəsmiləşdirilir” Gündəm

Aydın Hüseynov: “Vətəndaşa yeni mülkiyyət verilmir, mövcud hüququ rəsmiləşdirilir”

Torpaq islahatı zamanı vətəndaşlara qanuni əsaslarla verilmiş, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı problemin həlli nəzərdə tutulur.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, eləcə də Aqrar siyasət komitəsinin üzvü, deputat Aydın Hüseynov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, torpaq islahatı zamanı vətəndaşların bir qismi mülkiyyət hüququnu təsdiq edən sənəd, digər qismi isə yalnız plan-ölçü sənədi əldə edib. Nəticədə eyni hüquqi əsaslarla torpaq əldə etmiş şəxslər arasında fərqli hüquqi vəziyyət yaranıb.

A.Hüseynovun sözlərinə görə, təklif olunan dəyişiklik vətəndaşlara müəyyən edilmiş hallarda plan-ölçü sənədi əsasında mülkiyyət hüquqlarını rəsmiləşdirmək imkanı yaradacaq.

O qeyd edib ki, dəyişikliklə vətəndaşa yeni mülkiyyət verilmir, onun əvvəllər qanuni əsaslarla əldə etdiyi əmlak üzərində hüququnun rəsmiləşdirilməsinə şərait yaradılır.

Deputat vurğulayıb ki, mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşlara əmlaklarını satmaq, bağışlamaq, miras qoymaq və müvafiq şərtlərlə maliyyə resurslarından yararlanmaq imkanı verəcək.

A.Hüseynov qanunun tətbiqi mexanizminin sadə, şəffaf və vətəndaşlar üçün əlçatan olmasının vacibliyini də diqqətə çatdırıb.

Günel Elxan