
Süni intellekt texnologiyalarının təhsil sisteminə sürətli və geniş miqyasda daxil olması artıq bu sahədə köklü dəyişikliklərin qaçılmaz olduğunu göstərir. Ənənəvi tədris modeli uzun illər ərzində əsasən məlumatların yadda saxlanılması və əzbərlənməsi üzərində qurulsa da, müasir dövrün reallıqları bu yanaşmanın yetərsiz olduğunu ortaya qoyur. Xüsusilə ChatGPT, Gemini kimi süni intellekt alətlərinin inkişafı bilik əldə etmə prosesini tamamilə dəyişərək informasiyanın saniyələr içində əlçatan olmasını təmin edib.
Bu dəyişikliklər fonunda ekspertlər hesab edirlər ki, təhsil artıq “nəyi bilmək” üzərində deyil, “məlumatı necə tapmaq, necə emal etmək və necə yoxlamaq” prinsipləri üzərində qurulmalıdır. Yəni əsas məqsəd şagird və tələbələrə hazır bilikləri əzbərlətmək deyil, onların tənqidi düşünmə, analiz və düzgün nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək olmalıdır. Bu yanaşma həm kurikulum islahatlarını, həm də qiymətləndirmə sistemində ciddi dəyişiklikləri zəruri edir.
Mütəxəssislər vurğulayırlar ki, təhsil sisteminin müasir çağırışlara uyğunlaşması yalnız texnologiyanın tətbiqi ilə məhdudlaşmamalı, eyni zamanda pedaqoji məzmunun və metodikanın yenilənməsini də əhatə etməlidir. Əks halda, süni intellektdən yanlış və səthi istifadə davam edəcək, bu isə tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərə bilər.
“Süni intellektdən yanlış istifadə”
Təhsil eksperti Elmin Nuri “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, süni intellekt alətlərinə yanaşmada ciddi metodoloji səhvlər müşahidə olunur: “Kurikulum tədris sisteminin əsas mahiyyəti informasiyanın sadəcə yadda saxlanılması deyil, onun düzgün emalı və analiz edilməsi prinsipləri üzərində qurulub.Bu, kurikulumun əsas fəlsəfəsidir. Lakin biz hələ də süni intellekti yalnız məlumat əldə etmə vasitəsi kimi dəyərləndiririk. Halbuki bu, məsələnin çox kiçik bir hissəsidir. Hazırda ChatGPT, Gemini kimi alətlərə daha çox alternativ axtarış sistemi kimi baxılır. Bu yanaşma yanlışdır. Süni intellekt tədrisdə məzmunun yaradılması, məlumatların düzgün emalı və analiz olunması üçün istifadə edilməlidir. Əks halda, onun təhsilə real töhfəsini görə bilməyəcəyik”.
Elmin Nuri vurğulayıb ki, problemin həlli üçün ilk növbədə kurikulumun mahiyyətinə düzgün qayıdış vacibdir: “Məzmun standartları və məzmun xətləri kifayət qədər mükəmməl qurulub. Məsələn, riyaziyyat yalnız düsturların öyrədilməsi deyil, riyazi təfəkkürün formalaşdırılmasıdır. Eyni yanaşma tarixə, ədəbiyyata və digər fənlərə də aiddir.
Uzun illərdir formalaşmış yanlış yanaşma — fənləri sadəcə informasiya toplusu kimi qəbul etmək — süni intellektin də təhsildə yanlış istiqamətdə tətbiqinə səbəb olur.Əvvəlcə bu yanaşma dəyişməlidir. Yalnız bundan sonra süni intellektin tədris prosesində effektiv və düzgün istifadəsinə nail olmaq mümkündür”.
“Yaddaş məktəbi dövrü bitib”
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli açıqlamasında söyləyib ki, süni intellektin sürətlə həyatımıza daxil olması təhsildə uzun illər hökm sürən “yaddaş məktəbi” modelini artıq faktiki olaraq sıradan çıxarıb:“Ensiklopedik biliklərin şagirdin yaddaşına yüklənməsi bu gün həm vaxt itkisi, həm də mənasız yükə çevrilib. Şagirdin aylarla əzbərlədiyi məlumatı bu gün süni intellekt saniyələr içində, daha sistemli və əlçatan formada təqdim edir. Bu reallıq fonunda təhsil sistemi köklü şəkildə yenilənməlidir.
Kurikulumun əsas istiqaməti “nəyi bilmək”dən “məlumatı necə tapmaq və necə yoxlamaq” müstəvisinə keçməlidir. Artıq şagirdə faktları əzbərlətmək yox, həmin faktların doğruluğunu yoxlamaq, süni intellektin verdiyi cavablardakı mümkün səhvləri aşkar etmək bacarığı öyrədilməlidir. Əsas hədəf tənqidi təfəkkürün formalaşdırılmasıdır”.
Əmrah Həsənli vurğulayıb ki, təhsil sistemi şagirdi informasiya daşıyıcısı kimi deyil, həmin informasiyanı analiz edən və ondan yeni məhsul yaradan fərd kimi yetişdirməlidir: “Şagird süni intellektdən aldığı məlumatı emal etməyi, faydalını faydasızdan ayırmağı və öz yanaşmasını əlavə etməyi bacarmalıdır. Gələcəyin uğurlu insanı hər şeyi bilən yox, düzgün seçən və idarə edən olacaq”.
O, həmçinin qiymətləndirmə sistemində də dəyişikliklərin vacibliyini qeyd edib: “Artıq nəticəyə yox, prosesə qiymət verilməlidir. Şagirdin cavaba necə gəldiyi, hansı analiz üsullarından istifadə etdiyi əsas meyar olmalıdır. Bu, təhsildə keyfiyyətə keçidin əsas şərtidir”.
Ekspertin fikrincə, bu dəyişikliklər müəllimin rolunu da yenidən müəyyənləşdirir: “Müəllim artıq yalnız məlumat verən yox, rəqəmsal mühitdə istiqamət göstərən mentor funksiyasını yerinə yetirməlidir. Əks halda, biz süni intellekt qarşısında passiv və asılı bir nəsil yetişdirmiş olarıq”.
Günel Elxan