İsrailin Livana hücumları intensivləşib: proseslərin ardı necə olacaq? Gündəm

İsrailin Livana hücumları intensivləşib: proseslərin ardı necə olacaq?

Aprelin 17-də İsrail və Livan arasında atəşkəs elan olunmasına baxmayaraq gərginlik davam edir. Mayın əvvəlində gərginlik daha da artıb və İsrailin Livanın cənubuna hava zərbələri nəticəsində xeyli insan həlak olub.

Bununla bağlı bildirilir ki, 2 martda hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2679 nəfərə, yaralıların isə 8229 nəfərə çatıb.

Baş verən son hücumlar gərginliyin azalması ehtimalını zəiflədir.

İrəliləyən vaxtlarda proseslərin ardının necə olacağı istiqamətində siyasi ekspertlər “Xalq Cəbhəsi”nə danışıblar.

“Bu münaqişə artıq genişmiqyaslı humanitar böhran yaradır”

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, aprelin 17-də elan olunmuş atəşkəsə baxmayaraq İsrail Silahlı Qüvvələri tərəfindən Livanın cənubuna endirilən son hava zərbələri göstərir ki, bölgədə real sabitlik formalaşmayıb: “Mayın 3-də baş verən və ən azı 20 nəfərin həyatını itirməsi ilə nəticələnən hücumlar atəşkəsin faktiki olaraq pozulduğunu təsdiqləyir. Ümumilikdə martın 2-dən başlayan eskalasiya dövründə minlərlə mülki şəxsin həlak olması münaqişənin artıq genişmiqyaslı humanitar böhran yaratdığını göstərir. Mövcud vəziyyəti “yeni eskalasiya başlanğıcı” kimi deyil, daha çox davam edən və fasilələrlə şiddətlənən münaqişənin növbəti mərhələsi kimi qiymətləndirmək daha düzgün olar. Çünki atəşkəs razılaşması bütün tərəfləri, xüsusilə Hizbullah hərəkatını tam əhatə etmir. Bu isə o deməkdir ki, tərəflərdən biri hərbi əməliyyatları davam etdirdiyi halda digər tərəf də cavab zərbələri endirmək üçün əsas əldə edir və nəticədə qarşıdurma dayanmaq əvəzinə davam edir”.

““Nə müharibə, nə sülh” vəziyyəti dərinləşir”

Onun söylədiyinə görə, digər mühüm amil İsrailin təhlükəsizlik yanaşması ilə bağlıdır: “Rəsmi Təl-Əviv Livanın cənubundan gələn təhdidləri aradan qaldırmaq üçün preventiv zərbələri davam etdirməyi zəruri hesab edir. Eyni zamanda, Hizbullah da öz növbəsində geri çəkilmək niyyətində deyil və bu qarşılıqlı mövqe “nə müharibə, nə sülh” vəziyyətini dərinləşdirir”.

“Atəşkəsi imzalayan tərəflər savaşan tərəflər deyil”

Siyasi şərhçi Taleh Əliyev bildirib ki, ABŞ və İran arasında əldə olunan atəşkəsdən fərqli olaraq İsrail və Livan arasında əldə olunan razılaşma bir az fərqli situasiyadır: “Çünki İsrail rəsmi Livan hakimiyyəti ilə müharibə aparmır, bu ölkədə fəaliyyət göstərən və İsrail tərəfindən ekstremist, terrorist təşkilat kimi qəbul edilən Hizbullahla savaşır. İsrailin Livan hakimiyyətindən tələbi ondan ibarətdir ki, Hizbullahın silahsızlaşdırılması, ümumiyyətlə, onun fəaliyyətinin dayandırılması fonunda iki dövlət arasında sülh və əməkdaşlıq münasibətləri normallaşsın. Yəni İran və ABŞ arasındakı situasiyadan fərqli olaraq atəşkəsi imzalayan tərəflər savaşan tərəflər deyil. Ona görə burada elə atəşkəsin imzalandığı tarixdən dərhal sonra müxtəlif mövqelərə hava zərbələrinin endirilməsi, buna adekvat olaraq Hizbullah tərəfindən İsrail ərazisinə raketlərin atılması, İsrail hərbçilərinə qarşı cavab tədbirlərinin görülməsi demək olar ki, atəşkəsin elə ilk günlərindən, ilk saatlarından davam edən bir prosesdir”.

“İsrail və Livan arasındakı atəşkəsi etibarlı hesab etmək doğru deyil”

Siyasi şərhçinin sözlərinə görə, bu gün də bu halların baş verməsi o anlama gəlir ki, heç bir halda İsrail və Livan arasındakı atəşkəsi tam etibarlı, dayanıqlı və davamlı atəşkəs hesab etmək doğru deyil: “Heç şübhəsiz ki, İsrail tərəfinin istədiyi formada Hizbullah tamamilə tərksilah edilənə qədər atəşkəsin pozulması davam edəcək. Əks təqdirdə, Hizbullah özünü İranın müəyyənləşdirdiyi müvaqimət oxunun tərkib hissəsi hesab edərək İranla İsrail arasında savaş bitənə qədər Hizbullahla İsrail arasında da savaş dayanmayacaq, bu və ya digər formada zaman-zaman davam etdiriləcək. Ona görə bunu yeni eskalasiyanın başlanması kimi yox, elə mövcud olan eskalasiyanın mərhələli şəkildə daha aktiv fazaya keçidi kimi qiymətləndirmək daha doğru olar”.

Röya İsrafilova