Moldova Rusiyanı qıcıqlandırıb Dünya

Moldova Rusiyanı qıcıqlandırıb

Moldova parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması barədə qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

“İnterfaks” agentliyinə istinadən xəbər verir ki, səsvermə zamanı 101 deputatdan 60-ı sənədin lehinə səs verib.

Prosedura əsasən, Moldova Prezidenti Maya Sandu parlamentin qəbul etdiyi qanunu imzaladıqdan sonra sənəd hüquqi qüvvəyə minəcək. Bundan sonra ölkənin Xarici İşlər Nazirliyi təşkilatdan çıxmaqla bağlı rəsmi bildirişi MDB-nin icra orqanına təqdim edəcək.

Qeyd edək ki, Kişineu bundan əvvəl də Avropaya inteqrasiya kursunu sürətləndirərək MDB çərçivəsindəki bir çox sazişlərdən imtina etmişdi.

Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov "RİA Novosti"yə açıqlamasında bildirib ki, Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq istəsə də, təşkilatın üzvü kimi sahib olduğu imtiyazları saxlaya bilməyəcək.

Səfir rəsmi Kişinyovun həm təşkilatdan ayrılmaq, həm də onun üstünlüklərindən yararlanmaq istəyinə sərt reaksiya verib: "MDB xeyriyyəçilik təşkilatı deyil. Bu, qarşılıqlı öhdəliklər orqanıdır. Öhdəliklərdən imtina edib, hüquqları özündə saxlamaq mümkün deyil".

Ozerov qeyd edib ki, Moldova birlikdən çıxacağı təqdirdə, Azad Ticarət Zonası haqqında müqavilə qüvvədən düşə bilər. Kişinyovun hansı sənədlərdə iştirakını davam etdirəcəyinə isə artıq Moldova deyil, MDB-nin digər üzvləri qərar verəcək

Moldova Prezidenti Maya Sandu isə “Le Monde” nəşrinə müsahibəsində bildirib ki, Moldovanın Rumıniyanın tərkibinə daxil olması Kişinyovun Avropa İttifaqına daha sürətli qoşulmasına imkan verə bilər.

“Bu, bizə Aİ-yə daha tez daxil olmağa imkan verər və kömək edə bilər”, – Rumıniya vətəndaşlığına malik olan Maya Sandu deyib. O vurğulayıb ki, belə qərar vətəndaşların əksəriyyəti tərəfindən qəbul edilməlidir. Moldova Prezidenti Aİ-yə üzvlük üçün alternativ yollar barədə də danışıb. Maya Sandu Moldovanın tanınmamış “Dnestryanı Respublika” olmadan da birliyə qoşulmasının mümkünlüyünü istisna etməyib.

“Bu mümkün həll variantıdır”, – Moldova Prezidenti qeyd edib.

Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Bakir Həsənbəyli isə deyib ki, Moldova ilə Rumıniya arasındakı ənənəvi birləşmə məsələsi yenidən aktuallaşıb. Bu mümkün birləşmə haqqında fikir mübadilələləri son illərdə Cənub-Şərqi Avropanın ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Tarixən eyni köklərdən gələn, dil, mədəniyyət və milli kimlik baxımından bir-birinə çox yaxın olan bu iki dövlətin münasibətləri, həm regionun tarixi gedişatı, həm də geosiyasi reallıqlar nəticəsində fərqli trayektoriyalar üzrə inkişaf edib. Moldova SSRİ-nin dağılmasından sonra müstəqil dövlət kimi formalaşsa da, Rumıniya Avropa İttifaqı və NATO üzvlüyü ilə fərqli inteqrasiya yolunu seçdi. Buna baxmayaraq, həm ictimai rəydə, həm də siyasi müstəvidə zaman-zaman birləşmə ideyası gündəmə gəlir və müxtəlif istiqamətdə gündəmin ön sıralarına çıxır. Bu məsələ iqtisadi, siyasi və təhlükəsizlik aspektlərindən Avropanın gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Məsələni gündəmə gətirən Moldova prezidenti Maya Sandudur. Ölkə prezidenti bildirdir ki, referendum keçirilərsə, o, Rumıniya ilə birləşməyə səs verəcək. Əlavə olaraq qeyd edir ki, Moldova kimi kiçik ölkənin suveren dövlət kimi yaşaması getdikcə çətinləşir. Prezident hesab edir ki, 1980-ci illərdə milli dirçəliş hərəkatını dəstəkləyən çoxsaylı insan nəzərə alınmaqla, həmin vaxt Rumıniya ilə birləşməyə dair referendum keçirilə bilərdi. Sandu bildirir ki, Rumıniya ilə birləşməyi dəstəkləyən əksəriyyət yoxdur, amma AB-yə qoşulmağı dəstəkləyən əksəriyyət var və biz bu məqsədə çatmaq üçün çalışırıq. Ötən il sentyabrın sonlarında Rumıniyanın ifrat sağçı qrupları Moldova ilə birləşməyə çağırış edirdilər. Sosioloji sorğu şirkətləri tərəfindən aparılan sorğu göstərir ki, rumınların təxminən yarısı Moldova ilə birləşməni dəstəkləyirlər: “Müxalifət isə Prezident Sandunun fikirləri ilə razı deyil. Müxalif siyasətçilər Maya Sandunun Rumıniya ilə mümkün birləşmə ilə bağlı açıqlamalarını Moldovanı yox etmək istəyinin sübutu kimi təsvir edirlər. Fərqli müstəqil siyasi subyekt kimi fəaliyyət göstərən Moldova və Rumıniya tarixin bir çox dönəmlərində bir dövlətin daxilində və ya bir dövlət statusunda olublar. XIX əsrin əvvəlində bugünkü Rumıniyanın şimal-şərqini təşkil edən Moldaviya Knyazlığı ilə bugünkü Moldovanın böyük hissəsi - Bessarabiya eyni siyasi-mədəni arealda idilər, Bessarabiya 1812-ci ildə Rusiyaya verildi. Moldova 1859-cu ildə Valaxiya ilə birləşib Rumıniyanı formalaşdırdı. Birinci Dünya müharibəsindən sonra Bessarabiya Parlamenti 27 mart 1918-ci ildə Rumıniya ilə birləşmə qərarı verdi. Beləliklə, bugünkü Moldovanın böyük hissəsi 1918-1940-cı illərdə Rumıniyanın tərkibində oldu. II Dünya Müharibəsi öncəsi SSRİ Bessarabiyanı özünə ilhaq edərək Moldaviya Sovet Sosialist Respublikasını yaratdı. Müharibədən soqnra da Moldaviya SSR SSRİ-nin tərkibində qaldı. 1991-ci ildə SSRİ dağılanda Moldova da digər müttəfiq respublikalar kimi müstəqilliyini elan etdi. Həmin dövrdə sosialist siyasi ideologiyasından imtina edən Rumıniya isə NATO və Aİ-yə inteqrasiya oldu. Birləşmə ilə bağlı müxtəlif siyasi hərəkatlar və partiyalar yaradılıb. Bu sıraya liberal və vətəndaş platformalarını da əlavə etmək olar. Bu prosesə ictimai dəstək isə birmənalı deyil - məsələn, 2021-ci ilin yazında keçirilmiş sorğuda təxminən 44 faiz dəstək qeydə alınmışdı. Sonrakı dövrlərdə bu dəstək 30-40 faiz arasında dəyişib. Maraqlıdır ki, ölkələrin əsas böyük siyasi blokları həm birləşməyə həm də, müstəqilliyə sadiqlik xəttini müdafiə edirlər. Iki dövlətin birləşməsində siyasi maneələr də az deyil. Məsələn, bölgədə hələ də həllini tapmamış siyasi problemlər mövcuddur. Tanınmamış “Dnestryanı” bölgədə rus hərbi kontingenti mövcuddur və buradakı siyasi problem həll edilməyib. Moldovalı siyasi ekspertlər özləri də etiraf edirlər ki, problem tək bu, deyil.-Muxtar Qaqauziyada da, Moskva meylli qüvvələr mövcuddur. Birləşmə baş verərsə, anti-NATO və anti-Aİ ritorikası kəskinləşə bilər. Unutmaq olmaz ki, Rumıniya NATO üzvüdür; birləşmə ssenarisi NATO sərhədinin “Dnestryanı” münaqişə zonasına “toxunması” deməkdir”.

Cavid