“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
7 May 11:58
7 406
ABŞ Prezidenti Donald Tramp danışıqlar zamanı İranın nüvə silahı əldə etmək cəhdlərindən imtina etməyə razılaşdığını deyib.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Trampın bu fikirləri təsdiq olunandan sonra bu barədə tam şəkildə fikir bildirmək olar: “Çünki indiyə qədər Trampın dilindən bu cür ifadələrin çıxdığının zaman-zaman şahid olmuşuq. Amma qısa zamandan sonra bunların həyata keçmədiyini görmüşük. Onun üçün də bu barədə danışmaq tezdir. Həm də unutmaq olmaz ki, İran üçün bu qərarın verilməsi məğlubiyyətinə qol çəkmək anlamına gələ bilər. Hazırkı mərhələdə isə Tehranın buna gedəcəyi real görünmür. Çünki hazırda İran üçün ölüm-dirim savaşına çevrilən bu prosesdə cənub qonşumuz nisbi də olsa üstün tərəf kimi görünür. Fevralın 28-dən aprelin 8-ə qədər baş tutan real müharibə vaxtı İranın dirənişindən bütün dünya danışırdı. Hətta bəzi Avropa ölkələrinin rəsmiləri, dövlət başçıları səviyyəsində bu barədə fikirlər səsləndi. Aprel 22-də isə 14 günlük atəşkəs razılaşmasının müddəti başa çatdıqdan sonra Trampın qeyri-müəyyən vaxtda bu müddəti uzatması İranın qələbəsinin daha çox reallıq görünməyinə səbəb oldu. Belə bir şəraitdə ali dini liderini, yüksək rütbəli dövlət məmurlarını itirən, böyük zərərlər görən İranın nüvədən imtina etməsi heç cür inandırıcı görünmür”.
Partiya funksioneri Ağ Ev sahibinin bəzi fikirləri ilə razılaşır: “Trampın “İran nüvə silahına sahib ola bilməz və olmayacaq da” kimi fikirləri ilə razılaşmaq olar. Onsuz da İranla Amerika arasında onillərdir davam edən gərginlik, ara-sıra savaşa çevrilən hadisələr məhz bundan qaynaqlanır. Yəni Amerika da İranın nüvə ölkəsinə çevrilməməsi üçün əlindən gələni edir. ABŞ İrana indi 14 bəndlik şərtlərini göndərib. Unutmayaq ki, ondan bir gün öncə də İran tərəfi 14 bənddən ibarət şərtlərini qarşı tərəfə göndərmişdi və məhz orada uranın zənginləşdirilməsi və Hörmüz boğazı məsələsi yer alır. İstənilən halda deyilənlər reallaşarsa, təbii ki, bölgədə gərginlik nəinki azalar, ümumiyyətlə, bitə də bilər. Amma düşünürəm ki, proseslər bir müddət davam edəcək. Çünki hazırkı mərhələdə hər iki tərəf geri çəkilmək fikrində deyil və bundan çıxış etsək, hətta qarşıdakı ayların birində tərəflər arasında hərbi əməliyyatların bərpa oluna biləcəyi ehtimalları da real görünür”.
Röya İsrafilova
8 May 19:52
1 407
8 May 19:19
1 645
8 May 18:29
1 463