12:19
742
“Süni intellekt sadəcə olaraq seçki, siyasi proseslərə deyil, həyatımızın hər məqamına təsir etməyə başlayıb. Hətta ən savadlı, ən bilgili, dünyagörüşlü insanlar da süni intellektin imkanlarından istifadə edir. Bu, yaxşıdır. Amma digər tərəfdən də süni intellektin bəzən istənilən sahədə, o cümlədən də siyasi proseslərdə mənfi təsirlərinə məruz qalırıq”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
A.Həsrət düşünür ki, süni intellekt yaxşı bir icaddır, kəşfdir, amma onun zərərli tərəfləri də həddindən artıq çoxdur və onun qarşını almaq, düzənə salmaq üçün tədbirlər görülməlidir: “Yəni dövlətlər daxili təhlükəsizlik, qlobal problemlər məsələlərini süni intellekt vasitəsilə həll edərkən diqqətli olmalıdırlar. Süni intellekt yanılda bilir. Təbiidir, bu, məqsədli də ola bilir, məqsədsiz də ola bilir. Həmçinin o, zərərli istiqamətə yönəldə bilir. Mən özüm təcrübədə buna az rast gəlməmişəm. O baxımdan narahatlığım var”.
O vurğulayıb ki, biz yenə də çalışmalıyıq ki, insan zəkası hər şeyin üzərində qalmağa davam etsin: “Süni intellekt olsun, istifadə edilsin, lakin son qərarı insan zəkası, dövlət ağlı versin. Bu zaman süni intellekt prosesə müdaxilə edə bilməz”.
Röya İsrafilova