“Bu, Paşinyanın qələbəsinə özünəməxsus tərzdə etirazdır” Gündəm

“Bu, Paşinyanın qələbəsinə özünəməxsus tərzdə etirazdır”

“Rusiya tərəfinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda Paşinyanın qələbəsinə bir növ özünəməxsus tərzdə etirazdır”.

Bunu xaqlcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputatın fikirlərinə görə, Paşinyan hələ seçkidən əvvəlki dövrdə KTMT ilə bütün əlaqələri dondurmuşdu və Təşkilatın heç bir tədbirində iştirak etmirdi: “Belə olan halda, əslində, KTMT-nin Nizamnaməsinə görə çoxdan Ermənistanla bağlı qərar qəbul edilməli idi, ancaq biz bunu görmədik. İndi isə Lavrov tərəfindən KTMT Nizamnaməsində borcların yaranmasına görə nəzərdə tutulan müddəanın tətbiq olunması iddia edilir, lakin mən düşünürəm ki, Rusiya bu addımı da atmayacaq. Sadəcə bu cür mesajlarla seçkidən sonra Ermənistandakı uduzmuş radikal müxalifətə ismarıc ötürür ki, mümkün qədər seçkinin keçirilməsindən çox vaxt keçməmiş təcili şəkildə məhz bu arqumenti də istifadə etməklə Ermənistanda küçə etirazları başladılsın ki, bəlkə bu, iyunun 14-də Ermənistan Mərkəzi Seçki Komissiyasının təsdiq edəcəyi son nəticələrə təsir göstərə bilər. Amma düşünürəm ki, bu fürsət də itirilib”.

H.Babaoğlu əlavə edib ki, ona görə də indiki mərhələdə nə Rusiyanın Ermənistanı KTMT-dən çıxarması, nə də Ermənistanın KTMT-dən çıxmaqla bağlı qərar qəbul etməsi real görünür: “Çünki Paşinyana bir qədər güclənmək, Azərbaycanla sülh əldə etmək, Türkiyə ilə sərhədləri açmaq, Avropa ilə münasibətləri daha da dərinləşdirmək lazımdır ki, ondan sonra KTMT-dən çıxmaqla bağlı qərar qəbul etsin”.

Röya İsrafilova