Rusiya-Ukrayna müharibəsi: Çinin sülh səyləri nəticə verəcək? Gündəm

Rusiya-Ukrayna müharibəsi: Çinin sülh səyləri nəticə verəcək?

2022-ci ilin 22 fevralında başlayan Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması yönündə səylər davam edir. Bu dəfə isə Çin bu istiqamətdə fəaliyyətə başlayaraq sülh çağırışı edib. Eyni zamanda, Pekin tərəflərə müraciət edərək münaqişənin həlli üçün danışıqlara mümkün qədər tez başlamağın vacibliyini vurğulayıb.
Pekinin bu çağırışı müharibənin gedişatına təsir göstərə biləcək?
Politoloqlar sözügedən məsələ ilə bağlı “Xalq Cəbhəsi” danışıblar.
Politoloq Oqtay Qasımov Çinin bu addımının maraqlı bir təşəbbüs olduğunu söylərək xatırladıb ki, hələ iki il öncə də Çin bu savaşın bitirilməsi ilə bağlı öz təkliflərini irəli sürmüşdü: “Amma o təkliflər onda Ukrayna tərəfindən məqbul hesab edilməmişdi. Çünki daha çox Rusiyanın maraqlarına uyğun bir təklif hesab olunurdu. Ancaq hazırkı şərtdə Rusiyanın özünün də kifayət qədər ciddi çətinliklər yaşadığı və savaşın çox ciddi bir miqyas aldığını və artıq Rusiyanın dərinliklərinin Ukrayna tərəfindən çox rahat şəkildə hədəfə gətirildiyini də nəzərə alsaq, o zaman Çinin də bu məsələ ilə bağlı təşəbbüslərini anlamaq olar. Çünki Çin bu məsələdə seyirci qalmaq istəmədi və prosesin bir formada irəliləməsinə də çalışa bilər. Amma düşünmürəm ki, Çin hələlik savaşın çox tezliklə bitməsini istəsin”.
“Bu diplomatik addım anlaşılandır”
O.Qasımovun sözlərinə görə, hazırda Rusiya kifayət qədər çətin vəziyyətdədir və Rusiya cəmiyyətində belə bir gözləntilər var ki, Çin Rusiyaya daha açıq dəstək verməlidir: “Bu baxımdan Çin tərəfindən bu diplomatik addım anlaşılandır. Lakin düşünürəm ki, hələ qarşıda təxminən bir aylıq bir müddət də var. Zelenski Rusiya ərazisində 40 günlük əməliyyatların keçiriləcəyini bəyan etmişdi. Bu baxımdan masaya gəlmək üçün Rusiya tərəfi və Vladimir Putinin də dilindən səslənən fikirlər həm də o yöndədir ki, özünü nə qədər arxayın göstərməyə çalışsa da Rusiya kifayət qədər ciddi problemlər içərisindədir və dünyanı enerji ilə təmin edən bir ölkə hazırda ciddi yanacaq sıxıntısı yaşamaqdadır”.
“Çin prosesə aktiv şəkildə qoşularsa…”
Bu baxımdan politoloq hesab edir ki, qarşıdakı ay yarımlıq bir müddətdə tərəflərin masaya oturması üçün optimal bir variant ola bilər: “Hələlik Çinin bu təşəbbüsü ilkin bir təşəbbüsdür, bunun arxasında ciddi siyasi iradə dursa, o zaman Rusiyanı masaya gətirmək mümkün ola bilər. Xatırladaq ki, bir il öncə bu məsələlərə vasitəçilik edən ABŞ Çinin köməyinə də ehtiyac duyurdu. O baxımdan Çin prosesə aktiv şəkildə qoşularsa, ABŞ və Qərb bir yerdə tərəfləri masaya otuzdurmaq mümkün ola bilər”.
“Müharibənin gedişi dəyişməyəcək”
Siyasi şərhçi Alim Nəsirov qeyd edib ki, Çinin bu çağırışı diplomatik baxımdan diqqətçəkən olsa da, onun qısa müddətdə Rusiya–Ukrayna müharibəsinin gedişini dəyişdirəcəyi ehtimalı yüksək deyil: “Pekin uzun müddətdir özünü tərəflər arasında vasitəçi kimi təqdim etməyə çalışır və münaqişənin danışıqlar yolu ilə həllini dəstəklədiyini bildirir. Lakin hazırkı mərhələdə həm Moskvanın, həm də Kiyevin döyüş meydanında üstünlük qazanmaq məqsədindən tam imtina etməməsi, eləcə də tərəflərin sülh şərtləri ilə bağlı mövqelərinin ciddi şəkildə fərqlənməsi bu cür çağırışların praktik nəticəsini məhdudlaşdırır”.
Siyasi mesaj
Onun fikirlərinə görə, bununla belə, Çinin mövqeyi beynəlxalq diplomatiya baxımından əhəmiyyətini qoruyur: “Pekin həm Rusiya ilə strateji tərəfdaşlığını saxlayır, həm də Qərblə münasibətlərini tam gərginləşdirmək istəmir. Bu səbəbdən Çin gələcək mümkün danışıqlar prosesində rol almaq və qlobal vasitəçi imicini gücləndirmək niyyətindədir. Əgər yaxın aylarda hərbi əməliyyatlar tərəflər üçün daha yüksək iqtisadi və hərbi yük yaradarsa, Çinin bu kimi təşəbbüsləri danışıqlar üçün əlavə diplomatik platformaya çevrilə bilər. Hazırkı şəraitdə isə bu çağırış daha çox siyasi mesaj xarakteri daşıyır, nəinki müharibəni dərhal dayandıra biləcək real mexanizm”.
Moskvanın əsas gözləntisi
Siyasi şərhçi Zaur İbrahimli söyləyib ki, Rusiya Prezidenti Putinin “Vahid Rusiya” partiyasının qurultayında çıxışı bir daha göstərdi ki, Kreml hələlik danışıqlar masasına oturmağa tələsmir: “Çünki Moskva tərəfindən irəli sürülən fundamental şərtlər - Donbas bölgəsinin Ukrayna tərəfindən tamamilə boşaldılması və mövqelərdən geri çəkilmə yerinə yetirilmir. Prezident Putin isə bu şərtlər yerinə yetirilmədən atəşkəs razılaşmasına razılıq vermək istəmir. Bununla bağlı müxtəlif sperkulyasiyalar var idi. Lakin Rusiya Prezidenti son çıxışında qəti mövqe nümayiş etdirdi və Kremlin mövqeyini birmənalı şəkildə ortaya qoydu. Moskvanın əsas gözləntisi budur ki, danışıqlar yalnız Moskvanın əsas tələbinin yerinə yetirilməsindən sonra başlaya bilər. Bu məsələdə Prezident Putin güzəştə getmək istəmir”.
“Ukrayna şərtlərlə razılaşmır”
Z.İbrahimli bildirib ki, Ukrayna isə bu şərtlərlə razılaşmır və hər hansı bir Ukrayna hakimiyyətinin bu şərtlərlə razılaşacağı ağlabatan görünmür: “Belə olan halda mövcud vəziyyət yalnız hərb sahəsindəki dəyişikliklərlə həll oluna bilər. Cəbhədə baş verən hər hansı dəyişikliklər tərəflərin mövqeyini dəyişə bilər. Bu baxımdan Rusiya var gücü ilə təzyiqi artırmağa çalışır. Ukrayna isə əksinə, çox ciddi müdafiə olunur və Rusiya ərazilərinin dərinliklərini vurmaqda davam edir. Hələlik Rusiya strateji dönüşə nail ola bilmir. Ukrayna isə təzyiqi o qədər artıra bilmir ki, Moskva güzəştli mövqe tutsun. Bu baxımdan yenidən tərəflərin diqqətinin hərbi əməliyyatlara yönələcəyini proqnozlaşdırmaq olar. Güman etmək olar ki, pərdəarxası müəyyən danışıqlar baş tutsa, təmaslar olsa da hələlik danışıqlar masasında real nəticələrin əldə olunacağı gözlənilən deyil”.
“Rusiya hücumu genişləndirməyə çalışacaq”
O əlavə edib ki, artıq Avropa İttifaqında da bunu qəbul ediblər və bütün diqqət Ukraynanın hərbi potensialının gücləndirilməsinə yönəlib: “ABŞ isə aktiv vasitəçilikdən çəkilib və Prezident Trampın komandası çox piar etmədən Ukraynaya hərbi dəstəyini davam etdirir. Güman etmək olar ki, bu dəstək artmaqda davam edəcək. Lakin Ukraynanın əsas sponsoru Avropa ölkələri olaraq qalır. Biz böyük Avropa üçlüyünün – Britaniya, Fransa və Almaniyanın daha çox hərbi dəstək ayırdığının şahidiyik. Proseslər bu məcrada inkişaf edəcək və tərəflər hələ bir müddət hərb sahəsində güc göstərməyə çalışacaqlar. Tərəflərin mövqeyi yalnız hərbi təzyiqin nəticələri ilə dəyişə bilər. Lakin hələlik bu istiqamətdə nə Kiyevin, nə də Moskvanın böyük irəliləyiş əldə etdiyini söyləmək olmaz. Bu baxımdan yaxın aylarda danışıqların real olaraq nəticə verəcəyinin gözlənilməsi az ehtimaldır. Hesab edirəm ki, əlverişli hava şəraiti davam etdikcə, yəni qış aylarına qədər Rusiya hücumunu genişləndirməyə çalışacaq, Ukrayna istə dron və raket texnologiyaları ilə zərbələri artıracaq. Danışıqlar masası hələlik bu hərbi zərbələrin kölgəsində qalır”.

Röya İsrafilova