11:26
434
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Nazirlər Kabinetində ciddi kadr dəyişiklikləri həyata keçirə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Gazete Pencere" qəzeti iddia edir.
Xüsusilə bildirilir ki, ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır vəzifəsini itirə bilər. Səbəb kimi Çinin avtomobil nəhəngi BYD-nin Manisa əyalətində 1 milyard dollar investisiya ilə elektrik və hibrid avtomobillərin istehsalı üzrə zavodun tikintisi layihəsini dayandırması göstərilir. Zavodun 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılırdı. Kacırı Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün əvəz edə bilər.
İddia olunur ki, Türkiyənin hazırkı ətraf mühit naziri Murat Kurum Abdulkadir Uraloğlunun əvəzinə nəqliyyat və infrastruktura nazirliyinə rəhbərlik edə bilər. Bu, Bosfordan yan keçən "İstanbul" gəmiçilik kanalının reallaşdırılması ətrafındakı vəziyyətlə bağlıdır. Layihə Ərdoğan tərəfindən 2011-ci ildə baş nazir olduğu dövrdə elan edilib, Türkiyə hakimiyyətinin məlumatına görə, kanalın tikintisi 20 milyard dollara başa gələcək. Uraloğlu daha əvvəl Türkiyənin layihədən imtina etmədiyini və maliyyə tapılan kimi onun icrasına başlanacağını bildirmişdi.
Həmçinin ticarət naziri Ömer Bolat və gənclər və idman naziri Osman Aşkın Bakın da vəzifələrini tərk edə biləcəyi xəbər verilir. Səbəblər göstərilmir.
Cari ilin fevralında Ərdoğan daxili işlər və ədliyyə nazirlərini dəyişdirib, 2023-cü ildə formalaşdırılmasından bəri kabinetdə başqa ciddi dəyişikliklər olmayıb.
Yerli media, əsasən də müxalifət mətbuatı vaxtaşırı Ərdoğanın kabinetində gözlənilən kadr dəyişiklikləri barədə məlumat dərc edir, lakin Türkiyə liderinin administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi bunları eyni müntəzəmliklə təkzib edir.
Məryəm Quliyeva