Hindistanın Azərbaycandakı Səfirliyi “Bihar Diwas”-ı qeyd edib Mədəniyyət

Hindistanın Azərbaycandakı Səfirliyi “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi 13 avqust 2026-cı il tarixində Bihar Diwas münasibətilə möhtəşəm tədbir təşkil edib.

Tədbirdə Hindistanın Bihar ştatının zəngin sivilizasiya irsi, rəngarəng mədəniyyəti, turizm potensialı, sənətkarlığı və özünəməxsus mətbəxi təqdim olunub. Tədbirdə müxtəlif ölkələrin və beynəlxalq təşkilatların səfirləri, diplomatik korpusun nümayəndələri, dövlət və digər qurumların tanınmış şəxsləri, işgüzar dairələrin nümayəndələri, media nümayəndələri, sosial media influenserləri, Hindistan diasporunun üzvləri və çoxsaylı Azərbaycan vətəndaşları daxil olmaqla geniş auditoriya iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Hindistanın Azərbaycandakı səfiri cənab Abhay Kumar Biharın Hindistanın sivilizasiya tarixində özünəməxsus yerini vurğulayıb.

Axşamın mühüm məqamlarından biri Azərbaycan icmasının, eləcə də Hindistan diasporunun üzvlərinin Biharın mədəni irsini əks etdirən ənənəvi hind geyimlərində iştirak etdiyi dəb şousu olub.

Təqdimat tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və Hindistanın ənənəvi geyimlərini və mədəni müxtəlifliyini canlı şəkildə nümayiş etdirib.

Daha sonra qonaqlara Hindistandan gəlmiş beynəlxalq aşpazlar tərəfindən xüsusi olaraq hazırlanmış, Bihar mətbəxinin orijinal nümunələrindən ibarət zəngin çeşidli yeməklər təqdim olunub. Biharın ənənəvi duzlu qəlyanaltıları və şirniyyatları da daxil olmaqla, özünəməxsus dadları qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Kulinariya təqdimatı Azərbaycanlı və beynəlxalq qonaqlara Biharın mədəni irsinin mühüm və ləziz bir hissəsi ilə tanış olmaq imkanı yaradıb.

Tədbirdə, həmçinin Biharın tikanlı suzanbağı (Makhana) məhsulu, Bhaqalpuri ipəyi, Madhubani naxışları və Dal Çadar şalları kimi özünəməxsus məhsulları nümayiş etdirilərək ştatın zəngin kənd təsərrüfatı, sənətkarlıq və toxuculuq ənənələri diqqətə çatdırılıb.

Mədəni proqram da Biharın musiqi ənənələrindən ilhamlanmış musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıb. İfaçılar tamaşaçıları valeh edib və çıxışlar tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Bir çox qonaq Biharın mədəni ənənələrinin müxtəlifliyini və zənginliyini yüksək qiymətləndirib.

Tədbir, həmçinin Biharın, xüsusilə onun buddist irsinin, qədim təhsil mərkəzlərinin və arxeoloji xəzinələrinin timsalında böyük turizm potensialının təqdim olunması üçün imkan yaradıb. Qonaqların bunu böyük maraqla qarşılaması Hindistanın daha çox tanınan məkanlarından başqa, az tanınan tərəflərini kəşf etməyə artan marağı əks etdirib.

“Bihar Diwas”-ın qeyd olunması Hindistanın zəngin mədəni müxtəlifliyini Azərbaycanda təbliğ etmək, Hindistan və Azərbaycan xalqları arasında birbaşa əlaqələri və qarşılıqlı mədəni anlaşmanı daha da dərinləşdirmək istiqamətində Hindistan Səfirliyinin davamlı səylərinin bir hissəsidir. Tədbirə göstərilən böyük maraq Azərbaycan vətəndaşlarının, eləcə də geniş diplomatik və beynəlxalq ictimaiyyətin Hindistanın müxtəlif və zəngin mədəni irsini kəşf etməyə olan güclü marağını nümayiş etdirib.

Cavid