"NYP": Oman İranla Hörmüz boğazına birgə nəzarət razılaşmasını pozub Dünya

"NYP": Oman İranla Hörmüz boğazına birgə nəzarət razılaşmasını pozub

Oman İranın Hörmüz boğazından keçən kommersiya gəmilərindən birgə haqq toplanması ilə bağlı təklif etdiyi təşəbbüsdən imtina edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikanın "The New York Post" nəşri regiondakı yüksəkrütbəli məsula istinadən məlumat yayıb.

"İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçən həftə verdiyi bəyanatın əksinə olaraq, Məsqət haqq toplanmasına razılıq verməkdən imtina edib", — deyə qəzet həmsöhbətinin sözlərindən sitat gətirir.

Nəşr xatırladır ki, Hörmüz boğazı ətrafındakı vəziyyəti keçən çərşənbə axşamı İran və Omanın xarici işlər nazirləri Abbas Əraqçı və Bədr əl-Busaidi müzakirə ediblər. Bir neçə saat sonra isə SEPAH nümayəndəsi "hər bir ölkənin payı ilə bağlı razılığın əldə olunduğunu" bildirib.

Lakin keçən həftə amerikalı məsul şəxs nəşrə açıqlamasında "SEPAH-ın tələsdiyini, çünki gəlirlərin bölgüsü üzrə təklif olunan razılaşmanın şərtlərinin hətta Tehranın özündə belə yekun olaraq razılaşdırılmadığını" bildirmişdi.

"The New York Post" yekunda qeyd edir ki, bu addımla Məsqət, Hörmüz boğazına nəzarət üzrə İranla danışıqları davam etdirəcəyi təqdirdə "Omanı cəhənnəmə döndərənədək bombalamaqla" hədələyən ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan yayınmağı bacarıb.

Məryəm Quliyeva