“Bu, münasibətlərin normallaşması prosesində praktik əhəmiyyət daşıyan hadisədir” Gündəm

“Bu, münasibətlərin normallaşması prosesində praktik əhəmiyyət daşıyan hadisədir”

"Azərbaycan və Ermənistan arasında ilk ixrac müqaviləsinin reallaşması iki ölkə arasında münasibətlərin normallaşması prosesində simvolik deyil, praktik əhəmiyyət daşıyan hadisədir”.

Bunu xalqcebhesi.az-a politoloq Tural İsmayılov deyib.

T.İsmayılov söyləyib ki, uzun illər davam edən münaqişədən sonra münasibətlərin həqiqi mənada dəyişməsi yalnız siyasi bəyanatlarla deyil, iqtisadi əlaqələrin qurulması ilə ölçülə bilər: “Artıq söhbət siyasi dialoqdan biznes münasibətlərinə keçiddən gedir. Əsas məsələ Azərbaycan və Ermənistan arasında qarşılıqlı iqtisadi marağın formalaşmasıdır. Bir ölkənin şirkətinin digər ölkənin bazarına çıxması o deməkdir ki, tərəflər arasında hüquqi, logistika və maliyyə mexanizmləri işləməyə başlayır. Bu isə etimadın institusional səviyyədə formalaşması üçün mühüm zəmin yaradır”.

Politoloq diqqətə çatdırıb ki, ixrac müqaviləsi uzun və mürəkkəb prosesin yalnız başlanğıc mərhələsidir: “Qarşıda sərhədlərin açılması, nəqliyyat kommunikasiyalarının tam işləməsi, qarşılıqlı investisiyaların artması və siyasi etimadın möhkəmləndirilməsi kimi məsələlər dayanır. Mühüm məqam budur ki, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ artıq yalnız siyasi razılaşmalar üzərindən deyil, real iqtisadi maraqlar üzərindən də qurulmağa başlayır. Mən bunu sülhün gündəlik həyata transformasiyasının ilk ciddi göstəricilərindən biri hesab edirəm. Çünki davamlı sülh yalnız sənəddə imzalanmır, o, zamanla insanlar, şirkətlər və iqtisadiyyatlar arasında qarşılıqlı marağa çevrilir”.

Röya İsrafilova