13:20
364
“ABŞ Prezidenti Donald Trampın Ukraynaya əvvəlki illərdə göndərilmiş silah və sursatların xərcini Avropa dövlətlərindən tələb etmək niyyəti Vaşinqtonun müttəfiqlik münasibətlərinə daha çox iqtisadi və kommersiya prinsipləri ilə yanaşdığını göstərir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Z.Qarayevanın sözlərinə görə, Tramp hesab edir ki, Ukraynadakı müharibə Avropanın təhlükəsizliyinə ABŞ-dən daha birbaşa təsir göstərdiyi üçün əsas maliyyə yükünü də məhz Avropa ölkələri daşımalıdır: “Bu mövqe NATO daxilində uzun müddətdir davam edən “yükün ədalətli bölüşdürülməsi” mübahisəsinin daha sərt mərhələyə keçməsi deməkdir. Lakin artıq təqdim olunmuş yardımların geriyə qüvvə ilə Avropanın üzərinə qoyulmasının hansı hüquqi və maliyyə mexanizmi ilə həyata keçiriləcəyi hələ aydın deyil. Belə bir tələb Avropa paytaxtlarında ciddi narazılıq yarada və transatlantik münasibətlərdə etimad problemini dərinləşdirə bilər. Avropa ölkələri onsuz da Ukraynaya maliyyə, hərbi və humanitar yardım göstərdiklərini, eyni zamanda müharibənin yaratdığı enerji və qaçqın yükünü daşıdıqlarını bildirə bilərlər”.
O deyib ki, digər tərəfdən, Trampın mövqeyi Avropanı ABŞ silahlarından asılılığı azaltmağa və öz müdafiə sənayesini daha sürətlə inkişaf etdirməyə sövq edə bilər: “Buna görə məsələ yalnız Ukraynaya verilən yardımın pulunun qaytarılması deyil, ABŞ–Avropa təhlükəsizlik tərəfdaşlığının gələcəkdə kollektiv məsuliyyətə, yoxsa ödəniş əsaslı münasibətlərə çevriləcəyi ilə bağlı daha böyük siyasi mübahisədir”.
Röya İsrafilova