Səfir Mariyana Kuyundziç: Aİ-Azərbaycan "Tərəfdaşlıq prioritetləri" sənədi üzrə işlər başa çatdırılıb Siyasət

Səfir Mariyana Kuyundziç: Aİ-Azərbaycan "Tərəfdaşlıq prioritetləri" sənədi üzrə işlər başa çatdırılıb

Azərbaycan və Aİ münasibətlərində əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masadakı çıxışında deyib.

“Əlbəttə, əldə etdiyimiz nailiyyətlərlə kifayətlənə bilmərik. Bu il yeni ikitərəfli saziş üzrə danışıqlara başlamışıq və danışıqlar bu ayın sonunda davam etdiriləcək. Biz, həmçinin, "Tərəfdaşlıq prioritetləri"ni müzakirə etmişik və bu sənəd üzrə işlər ilkin olaraq başa çatdırılıb. Bu iki sənəd əməkdaşlığımız üçün müasir və iddialı çərçivə yaradacaq. Buraya təmiz enerji, ticarət, iqtisadiyyatın şaxələndirilməsi, xalqlar arasında təmaslar və bir çox digər sahələr daxildir”, - Aİ səfiri qeyd edib.