Azər Allahverənov: “Tramp Rusiyanı G20-dən çıxara bilməz” Gündəm

Azər Allahverənov: “Tramp Rusiyanı G20-dən çıxara bilməz”

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin dekabrda ABŞ-da keçiriləcək G20 sammitinə dəvət olunub-olunmayacağı ilə bağlı mövqeyi hələ də tam aydın deyil. Əvvəllər Tramp G20-nin bütün üzvlərinin sammitə dəvət ediləcəyini bildirsə də, son açıqlamalarında bununla bağlı fərqli mövqe sərgiləyib.

Bu fikirləri millət vəkili Azər Allahverənov Xalq Cəbhəsi.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Rusiyanın G20-də iştirakı müxtəlif səviyyələrdə təmin oluna bilər:

“Donald Trampın Vladimir Putinin dekabrda ABŞ-da keçiriləcək G20 sammitinə dəvət edib-etməyəcəyi ilə bağlı son mövqeyinə diqqət yetirsək, onun bu məsələdə hələ yekun qərar vermədiyini görürük. Halbuki bundan əvvəl, bu ilin mart-aprel aylarında Tramp G20-nin bütün üzvlərinin, istisnasız olaraq, sammitə dəvət ediləcəyini bildirmişdi.

Nəzərə almaq lazımdır ki, Rusiya G20-nin təsisçi dövlətlərindən biridir. Ona görə də Rusiyanın G20 çərçivəsində iştirakı bu və ya digər formada təmin olunmalıdır. Bu, mütləq dövlət başçısı səviyyəsində olmaya bilər. Rusiya hansısa nazir və ya digər yüksək səviyyəli nümayəndə ilə təmsil oluna bilər. Amma hər bir halda Rusiyanın G20-də iştirakı mümkündür.

Donald Tramp birtərəfli qaydada Rusiyanı G20-dən çıxara bilməz. Burada digər üzv dövlətlərin də mövqeyi nəzərə alınmalıdır. G20-də Çinlə yanaşı, Avropa dövlətləri də təmsil olunur və onların Rusiyaya, xüsusilə də Vladimir Putinə münasibəti heç də birmənalı deyil.

Bu baxımdan, Trampın Putini şəxsən dəvət etməməsi, əvəzində Rusiyanın başqa bir yüksək səviyyəli nümayəndəsinin sammitdə iştirakına imkan yaratması ehtimalı mümkündür. Belə bir yanaşma müəyyən mənada Avropa dövlətlərinin maraqlarına da cavab verə bilər”.

A.Allahverənov bildirib ki, bu yaxınlarda ABŞ-da G20 maliyyə nazirlərinin görüşü keçirildi və həmin toplantıda Rusiyanın maliyyə naziri Anton Siluanov da iştirak etdi: “Onun iştirakı Avropa dövlətləri tərəfindən kifayət qədər mənfi qarşılandı.

Əslində, bu görüş Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra maliyyə müstəvisində müəyyən əməkdaşlıq və dialoq imkanlarının qorunub saxlanılması baxımından əhəmiyyətli idi. Lakin həmin platformada da gözlənilən səviyyədə dialoq və əməkdaşlıq imkanlarının formalaşdığını söyləmək çətindir”.

Millət vəkilinin sözlərinə görə, əsas məsələ Rusiyanın G20-dən kənarlaşdırılması deyil, onun hansı səviyyədə və hansı formatda təmsil olunacağının müəyyənləşdirilməsidir”.

Günel Elxan