
“Ərdoğan–Putin görüşü ilk baxışda Türkiyə-Rusiya münasibətlərinin növbəti diplomatik təması kimi görünə bilər. Lakin Bişkek görüşünü fərqləndirən əsas məqam Ukrayna müharibəsinin özündən daha çox Qara dənizin yeni təhlükəsizlik arxitekturasının müzakirə predmetinə çevrilməsidir. Bu isə Ankaranın müharibədə yenidən əsas vasitəçi aktorlardan birinə çevrilməsi üçün yeni imkan yaradır. Türkiyənin üstünlüyü klassik neytrallıqdan deyil, mənim “diplomatik ikili-keçid” adlandırdığım xüsusiyyətdən qaynaqlanır: Ankara eyni vaxtda həm Moskva, həm də Kiyevlə yüksək səviyyəli siyasi kanalları açıq saxlaya bilir. NATO üzvü olaraq Ukraynanın ərazi bütövlüyünü müdafiə etməsi, eyni zamanda Rusiya ilə enerji, ticarət və siyasi əlaqələrini davam etdirməsi Türkiyəni müharibənin nadir “geosiyasi menteşə dövlətlərindən” birinə çevirir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Anar Əli bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə İstanbul danışıqları və Türkiyə-BMT vasitəçiliyi ilə əldə olunan Taxıl Dəhlizi sazişi Ankaranın sadəcə mesaj ötürən deyil, konkret nəticə yarada bilən aktor olduğunu göstərmişdi: “İndi Qara dənizdə kommersiya gəmilərinə və liman infrastrukturlarına qarşı hücumların artması yeni bir “dəniz təhlükəsizliyi düyünü” formalaşdırır. Məhz burada Türkiyənin vasitəçilik imkanları yenidən aktuallaşır. Çünki Bosfor və Dardanel boğazlarına nəzarət edən Ankara üçün Qara dənizin təhlükəsizliyi yalnız Ukrayna məsələsi deyil; enerji, ərzaq, logistika və regional sabitlik məsələsidir. Lakin Bişkek görüşünün avtomatik olaraq yeni sülh prosesinə çevriləcəyini düşünmək tezdir. Vasitəçilik üçün tərəflərin hər ikisinin danışıqlara siyasi ehtiyac hiss etməsi lazımdır”.
A.Əli əlavə edib ki, Türkiyənin qarşısındakı əsas vəzifə mövcud “vasitəçilik kapitalını” konkret mexanizmə çevirməkdir: “Əgər Ankara əvvəlcə Qara dənizdə gəmiçilik təhlükəsizliyi və taxıl daşımaları üzrə məhdud razılaşma yarada bilsə, bu, daha geniş Rusiya-Ukrayna danışıqlarının başlanğıc nöqtəsinə çevrilə bilər. Bu mənada Bişkek sülhün özü deyil, lakin mümkün yeni “Ankara diplomatiyası”nın geosiyasi qapısıdır. Bununla yanaşı, Türkiyənin vasitəçi rolunun güclənməsi yalnız Rusiya və Ukrayna ilə münasibətlərdən asılı deyil: “Ankara həm də Qərb paytaxtlarının etimadını qorumağa məcburdur. Çünki effektiv vasitəçilik üçün tərəflərdən biri ilə yaxın münasibət kifayət etmir; əsas şərt hər iki düşərgədə müəyyən səviyyədə siyasi qəbulolunma qabiliyyətidir. Türkiyə bu baxımdan olduqca nadir mövqedədir: bir tərəfdən NATO-nun strateji sisteminin tərkib hissəsidir, digər tərəfdən isə Moskva ilə dialoqu tamamilə qırmayan azsaylı Alyans ölkələrindən biridir. Bu vəziyyəti “çoxvektorlu etimad diplomatiyası” kimi xarakterizə etmək mümkündür”.
Siyasi şərhçi həmçinin qeyd edib ki, Ankara eyni anda rəqib geosiyasi mərkəzlərlə danışmaq qabiliyyətini qoruduqca, müharibənin diplomatik mərhələsində onun çəkisi daha da arta bilər: “Digər mühüm məsələ isə Türkiyənin vasitəçiliyi yalnız atəşkəs danışıqları ilə məhdudlaşdırmamasıdır. Əsir mübadiləsi, enerji infrastrukturlarının qorunması, limanların təhlükəsizliyi və ərzaq ixracının davamlılığı kimi sahələrdə mərhələli razılaşmalar əldə edilə bilər. Belə “mikro-razılaşmalar diplomatiyası” gələcəkdə daha böyük siyasi kompromislər üçün etimad bazası yarada bilər”.
Röya İsrafilova