Müsabiqə qalibləri mükafatlandırılıb Hadisə

Müsabiqə qalibləri mükafatlandırılıb

Tbilisidə məktəblilər arasında keçirilən hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Tədbir çərçivəsində müsabiqənin nəticələri elan olunub, həmçinin seçilmiş əsərlərdən hazırlanmış kitabın təqdimatı keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, tədbirin açılışında Gürcüstan Yaşıl Ay Cəmiyyətinin sədri Azər Musaoğlu qonaqları salamlayıb, qalibləri təbrik edib, təşkilat və layihə haqqında ətraflı məlumat verib.

Mərasimdə Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, TİKA-nın Tbilisi koordinatoru Salih Özer, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri, şair-publisist Rafiq Hümmət, yazıçı Nana Samxaradze, Tbilisi Dövlət Tibb Universitetinin professoru, Tibbi Ekologiya Assosiasiyasının prezidenti Marina Giorqobiani, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev, eləcə də müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edərək çıxış ediblər.

Tədbir iştirakçıları çıxışlarında gənclərin sağlam həyat tərzinə təşviq edilməsinin, onların zərərli vərdişlərdən uzaq tutulmasının və maarifləndirici layihələrin artırılmasının vacibliyini vurğulayıblar.

Müsabiqə Gürcüstanın müxtəlif bölgələrində yaşayan X-XII sinif şagirdlərini əhatə edib. Layihəyə həm azərbaycandilli, həm də gürcüdilli məktəblərin şagirdləri tərəfindən 100-dən çox hekayə təqdim olunub.

Layihə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) və Türkiyə Yaşıl Ay Federasiyasının dəstəyi ilə reallaşdırılıb.

Cavid