Fərid Şəfiyev: Aİ-də sülh prosesinə mane ola biləcək qüvvələrə qarşı ayıq-sayıq olmaq vacibdir Siyasət

Fərid Şəfiyev: Aİ-də sülh prosesinə mane ola biləcək qüvvələrə qarşı ayıq-sayıq olmaq vacibdir

Azərbaycan və Aİ arasında münasibətlərin yeni səviyyəyə qaldıracaq yeni sənədin qəbul edilməsini gözləyirik.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masadakı çıxışında deyib.

Onun sözlərinə görə, Aİ-Azərbaycan münasibətlərində müəyyən eniş-yoxuşlar olub, bu çətinliklər yalnız 2023-cü ildə yaşanmayıb: “Lakin düşünürəm ki, hazırda biz bu mərhələni geridə qoymuşuq. Aİ rəsmilərinin səfərləri, Azərbaycan Prezidentinin müxtəlif Avropa İttifaqı ölkələrinə, o cümlədən bu yaxınlarda Almaniyaya səfəri münasibətlərin inkişaf etdiyini göstərir. Adətən Aİ-Azərbaycan münasibətlərindən danışarkən bir çox ekspert enerji məsələsini ön plana çəkir. Lakin hesab edirəm ki, biz enerjidən kənara çıxmışıq. Enerji hələ də mühüm əhəmiyyət daşıyır, amma hazırda nəqliyyat və digər vacib məsələlər barədə də getdikcə daha çox danışırıq. Cənubi Qafqazın geosiyasi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib. İlk növbədə, bu, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır. Artıq münaqişə yoxdur, biz sülhdən danışırıq”.

Fərid Şəfiyev Aİ-dən kənarda və Aİ daxilində sülh prosesinə mane ola biləcək qüvvələrə qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulayıb: “Bəzən geniş lobbiçilik və ictimai təbliğat şəbəkələrinin fəaliyyət göstərdiyini görürük. Onlardan biri hərbi cinayətkar Ruben Vardanyandır. Onun Avropa Şurasının mükafatına namizədlər siyahısında yer alması olduqca qəribə idi. Çünki həmin qurum Ruben Vardanyanı çirkli pulların yuyulmasında və Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməkdə ittiham edib. Lakin bizim, o cümlədən BMTM-nin bu məsələyə müdaxiləsi nəticəsində onun adı siyahıdan çıxarıldı”.