"Çin şirkətləri İranı tam böhran fəlakətindən qoruya bilir" Gündəm

"Çin şirkətləri İranı tam böhran fəlakətindən qoruya bilir"

İsrail Baş naziri Benyamin Netanyahu İran hakimiyyətini "səndələyən", "hər zamankından daha zəif", "öz həyatı uğrunda mübarizə aparan" vəziyyətdə təsvir etməsi və sonra, İsrailin qarşısında duran əsas vəzifənin İran rejimini devirmək olduğunu, bunun əlçatan olduğunu bildirməsi, onun növbəti ritorikasıdır və qurduğu cümlələrin heç bir əsası yoxdur. İran tərəfi də bunun tam əksini deyir. İran 30 ildən çoxdur ki, sanksiyalar altında yaşamağa uyğunlaşıb. Müharibə və yeni sanksiyalar İranın iqtisadiyyatına və ölkənin bir çox sahələrdə geriləməsinə səbəb olub.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Amma bu heç də İran hakimiyyətinin təslim olmasını ifadə etmir. Çünki, Çin faktoru buna izin vermir. Çin şirkətləri İranı tam böhran fəlakətindən qoruya bilir və bu səbəbdən İranın bu kimi iqtisadi təhlükələrdən yan keçməsinə imkan yaradır. Doğrudur, Netanyahunun sözlərində müəyyən qədər həqiqətə uyğunluq var və tamamilə əsassız danışmır. İran iqtisadiyyatı, hərbi infrastrukturu və regional mövqeyi əvvəlki vəziyyətdə deyil. Amma, bu rejimin yıxılmasına kifayət etmir. Bu baxımdan İsrail Baş naziri Benyamin Netanyahunun İran hakimiyyətini müharibə yolu ilə devirmək planının uğursuz olduğunu ört-basdır etmək üçün, qarşıdan gələn seçkilərdə elektoratını aldatmaq üçün bu kimi əsası olmayan bəyanatlarla çıxış etməyə məcbur edir. Əslində İsrail kəşfiyyatının İran daxilində üsyanı stimullaşdırmaq, kürd silahlı qruplarından istifadə etmək və hətta keçmiş prezident Mahmud Əhmədnecadı alternativ fiqur kimi önə çıxmağı təşkil etmək planları olub və bu planın heç bir nəticəsi olmadı. İrana qarşı hərbi əməliyyatların da nəticəsiz qalması, İsrail təhlükəsizlik dairələrində məyusluq yaradıb. Bu onların kəşfiyyat rəsmilərinin açıqlamalarında hiss olunur. İranlıların özgüvənləri İsraili qorxudur, narahat edir və ciddi təhlükədən sağ çıxmaları təəccüb doğurub. Bu baxımdan İran, hazırda iqtisadi baxımdan zəif görünə bilər, enerji və neft ixracında ciddi problemlər yaşaya bilər, hərbi infrastruktur zədələnib, ABŞ-ın təzyiqi altındadır, hakimiyyət daxilində və cəmiyyət arasında narazılıq potensialı var və sairə, amma eyni zamanda, İran dövləti hələ də dağılmayıb" - politoloq deyib.

Ç.Şahbazi deyib ki, təhlükəsizlik aparatı hər zamankından daha yaxşı işləyir. Hakimiyyət, mərkəzi nəzarəti əlində saxlaya bilir. ABŞ və İsrailə qarşı cavab verəcək gücü itirməyib. Ölkədə alternativ olaraq hakimiyyətin yerinə keçəcək hansısa qüvvənin olmaması saxlanılır. İrana qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl Netanyahunun hesablamaları var idi. Hərbi əməliyyatlardan sonra İran xalqının hakimiyyətə qarşı üsyanlar edəcəyi və etimadsızlıq mühiti hökm sürəcəyini bildirmişdir. Amma, hər şey əksinə oldu. İsrailin hücumları iranlıların böyük hissəsində hakimiyyətə qarşı narazılıq yaratmaq əvəzinə, xarici hücuma qarşı milli birlik reaksiyasını daha da gücləndirdi. Bu baxımdan da İran dövlətini zəiflətmək basqa şeydir və İran hakimiyyətini devirmək tamamilə başqa. Burda ABŞ faktoru daha çox rol oynayır və son məlumatlara görə ABŞ və İsrail arasında bu istiqamətdə ciddi fikir ayrılıqları var və hesab edirəm ki, İsrail Baş naziri Benyamin Netanyahunun son bəyanatı da özünü yetərincə doğrultmayacaq və amma, seçki qabağı işinə yaraya bilər.

Cavid