12:01
224
Qeyri-hökumət təşkilatlarının, eləcə də xarici qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və nümayəndəliklərinin fəaliyyətinin bir ilədək müddətə dayandırılması üçün yeni hallar müəyyənləşir.
Xalqcəbhəsi.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, aşağıdakı hallar QHT-lərin fəaliyyətinin dayandırılması üçün əsas hesab ediləcək:
* Xarici dövlətlərin QHT-lərinin Azərbaycandakı filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddəti bitdikdə və müddətin uzadılması ilə bağlı müraciət daxil olduqda;
* QHT-lər, eləcə də xarici QHT-lərin filial və nümayəndəlikləri fəaliyyətlərinin şəffaflığını təmin etmədikdə;
* Korrupsiya hüquqpozmalarının, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, habelə hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə;
* İctimai birliyin icra orqanının, fondun prezidentinin və ya idarə heyətinin, eləcə də xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyət müddəti başa çatdıqdan sonra üç ay ərzində hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik edilmədikdə.
Qeyd edək ki, təklif olunan dəyişikliyə əsasən, sadalanan hallarda QHT-lərin və xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyəti məhkəmə qərarı ilə deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə dayandırıla biləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Günel Elxan