“Azərbaycan Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır” Gündəm

“Azərbaycan Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır”

“Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın Azərbaycana səfəri və Bakıda Estoniya səfirliyinin rəsmi açılışı iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Burada əsas məqam diplomatik nümayəndəliyin fəaliyyətə başlamasından daha geniş siyasi məzmun daşıyır. Estoniyanın Cənubi Qafqazda daimi diplomatik iştirakını gücləndirməsi Azərbaycanın regiondakı artan siyasi və iqtisadi əhəmiyyətinin nəzərə alınması deməkdir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, Estoniya Avropa İttifaqının və NATO-nun üzvü kimi Avropanın təhlükəsizlik arxitekturasında xüsusi mövqeyə malikdir: “Bu baxımdan Bakı ilə Tallin arasında siyasi dialoqun intensivləşməsi Azərbaycanın Avropa məkanındakı tərəfdaşlıq imkanlarını genişləndirir. Xüsusilə indiki geosiyasi şəraitdə Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və Cənubi Qafqazdakı siyasi çəkisi Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır”.

“Əməkdaşlığın perspektivləri kifayət qədər genişdir. Rəqəmsal idarəetmə, süni intellekt, kibertəhlükəsizlik, innovasiya, yaşıl enerji, təhsil və ticarət əlaqələri qarşıdakı dövrdə əsas istiqamətlərə çevrilə bilər. Estoniyanın elektron dövlət idarəçiliyi sahəsində təcrübəsi Azərbaycanın rəqəmsal transformasiya hədəfləri baxımından da maraqlıdır. İki ölkə arasında hökumətlərarası əməkdaşlıq mexanizmlərinin mövcudluğu bu istiqamətdə konkret layihələrin həyata keçirilməsi üçün zəmin yaradır” - deyə o əlavə edib.

Politoloqun fikrincə, səfirliyin açılması Azərbaycanın Avropa ilə münasibətlərində diplomatik coğrafiyanın genişlənməsi baxımından əhəmiyyətlidir: “Tallinin Bakıda daimi diplomatik təmsilçiliyinin yaradılması bu məqsədə xidmət edə biləcək mühüm addımdır”.

Röya İsrafilova