“Estoniya Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş görür” Gündəm

“Estoniya Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş görür”

“Estoniya nisbətən kiçik dövlət olmasına baxmayaraq, son zamanlar xüsusilə diqqətçəkən xarici siyasət nümunəsi ortaya qoyur. Strateji ittifaqlar, fəal diplomatiya, texnoloji imkanlar və çoxtərəfli beynəlxalq institutlardan səmərəli istifadə etməklə Estoniya beynəlxalq nüfuzunu möhkəmləndirməyə çalışır”.

Bu sözləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

O deyib ki, bu dövlətin xarici siyasəti öz-özlüyündə yaxın diqqət və olduqca dərin analiz tələb edir: “Çünki xarici siyasət kursu mürəkkəb kombinasiyalar üzərində qurulub. Burada milli təhlükəsizlik və NATO-nun kollektiv müdafiə sistemi, Rusiya ilə münasibətlər və çəkindirmə siyasəti, Ukraynaya dəstək və Avropa təhlükəsizliyi, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti, ABŞ ilə münasibətlər və transatlantik əməkdaşlıq, rəqəmsal diplomatiya, kibertəhlükəsizlik və kiçik dövlət kimi beynəlxalq nüfuzun artırılması kimi çoxsaylı istiqamət diqqət çəkir. Estoniya atdığı addımlarla kiçik dövlətlərin xarici siyasətinə dair ənənəvi yanaşmaları yeni yanaşmalarla necə əvəz edə biləcəyi baxımından da diqqət çəkən ölkədir. Azərbaycan–Estoniya münasibətlərinə gəldikdə isə düşünürəm ki, hər iki dövlət geosiyasi rəqabət şəraitində milli maraqların necə qorunmalı olduğu ilə bağlı nümunəvi model ortaya qoyur. Beynəlxalq təşkilatlarda aktiv rol oynamaqla, institusional inteqrasiya vasitəsilə strateji manevr imkanlarını necə genişləndirmək baxımından bənzərlik nümayiş etdirirlər. Həmçinin kiçik dövlətlər olmalarına baxmayaraq beynəlxalq sistemdə öz təsir imkanlarını qorumaq baxımından Estoniya və Azərbaycan qətiyyət nümayiş etdirirlər”.

Politoloqun fikirlərinə görə, Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın Azərbaycana səfəri və Estoniyanın Bakıdakı səfirliyinin rəsmi açılışı, heç şübhəsiz ki, münasibətlərimizdə yeni bir mərhələdən xəbər verir: “Biz bunu sadəcə diplomatik nümayəndəliyin açılması kimi qiymətləndirməməliyik. Bu hadisə iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsində çox mühüm rol oynayacaq. Şübhəsiz ki, bu, özü ilə bərabər iqtisadi əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran regional və beynəlxalq hadisələrə baxışda ortaq mövqenin formalaşdırılmasına imkan yaradacaq. Diplomatik münasibətlərimiz 2 aprel 1992-ci ildə qurulub, deməli, söhbət yeni diplomatik münasibətlərin yaradılmasından getmir. Söhbət yaranmış münasibətlərin institusional baxımından daha üst səviyyəyə qaldırılmasından gedir. Səfirlik 2026-cı il martın 1-də fəaliyyətə başlayıb. Sentyabrın 23-də isə ilk rezident səfir Tiina Nirk cənab Prezident İlham Əliyevə etimadnaməsini təqdim edib. Bugünkü mərasim isə səfirliyin rəsmi açılışıdır. Deməli, iki ölkə münasibətlərin dərinləşdirilməsinə təmkinlə yanaşır və bu münasibətlərin davamlı xarakter almasında maraqlıdır. Bundan sonra münasibətlər daha operativ xarakter alacaq, konsulluq xidmətləri daha əlçatan olacaq, iqtisadi əməkdaşlıq dərinləşdiriləcək”.

“O faktı da nəzərə alsaq ki, Estoniya elektron hökumət, rəqəmsal idarəetmə, kibertəhlükəsizlik və innovasiya sahələrində qabaqcıl təcrübəyə malik ölkələrdən biridir, belə bir dövlətlə münasibətlərin dərinləşdirilməsi bugünkü reallıqda olduqca mühüm əhəmiyyət kəsb edir. Bu sahələr Hökumətlərarası Əməkdaşlıq Komissiyasının dördüncü iclasında da müzakirə edilən istiqamətlərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sözügedən ölkənin xarici işlər nazirini qəbul edərkən müzakirə edilən istiqamətlərindən biri də məhz bu sahə oldu” - deyə Ş.Həsənova əlavə edib.

O həmçinin söyləyib ki, Estoniya Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi görür: “Estoniya şirkətlərinin Azərbaycan bazarına marağının artdığı da ölkənin xarici işlər naziri tərəfindən diqqətə çatdırıldı. Bu əməkdaşlıq sadəcə iki ölkə münsaibətləri ilə məhdudlaşmayıb, regional və Avropa təhlükəsizliyi kontekstində siyasi dialoqa töhfə verəcək. Azərbaycanın yerləşdiyi coğrafi mövqe logistika sahəsində münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Estoniyanın da Avropa İttifaqı və NATO çərçivəsində siyasi və institusional imkanlara malik olduğunu nəzərə almalıyıq. Azərbaycanın regional proseslərdə liderlik təcrübəsindən və qonşularla münasibətlərin qurulmasından öyrəniləcək çox məqamın olduğunun nazir tərəfindən vurğulaması, düşünürəm ki, diplomatik protokol çərçivəsini aşan və xüsusi siyasi məna kəsb edən açıqlamadır. Deməli, Estoniya Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi qəbul edir. Sonda bir xüsusi məsələni də qeyd edim ki, Estoniya ilə Azərbaycan arasında xarici siyasətdə fərqli mövqelərin olması əməkdaşlığa maneə kimi görülmür”.

Röya İsrafilova