“Supsa limanına nefti alternativ yollarla çatdırıla bilər” İqtisadiyyat

“Supsa limanına nefti alternativ yollarla çatdırıla bilər”

Elşad Nəsirov: "Türk Axını" layihəsi Cənub Qaz Dəhlizi üçün hər-hansı problem yaratmayacaq

Trans-Xəzər Boru Xətti Layihəsinin reallaşdırılması ilə bağlı siyasi maneə yoxdur.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
Elşad Nəsirovun sözlərinə görə, layihənin ilə bağlı yaranan bəzi fikirlər uğursuzdur: "Təsəvvür edin, deyirlər ki, Xəzər dənizinin dibi ilə boru xətti gedə bilməz. Bu fikri onunla əsaslandırırlar ki, layihənin reallaşdırılması Xəzərdə balıqların tələfinə səbəb ola bilər. Necə olur ki, Qara dənizin dibi ilə boru xətti aparmaq olur, amma Xəzərin dibi ilə olmur? Yaxud deyirlər ki, Qara dənizin dibi ilə çəkilən borular balıqların ölümünə səbəb olmur, amma Xəzərdə olur. Bizim fikrimiz budur ki, Xəzərin dibi ilə qaz xəttinin çəkilməsinin ekoloji problemlərə səbəb ola bilməz".
Elşad Nəsirov deyib ki, "Türk Axını" layihəsi Cənub Qaz Dəhlizi üçün hər-hansı problem yaratmayacaq.
Bununla yanaşı, Elşad Nəsirov bildirib ki, "Türk axını"nın Azərbaycanın reallaşdırdığı layihələrə rəqib olması ilə bağlı səslənən fikirlər əsassızdır.
"Çoxları "Türk axını"nı, yaxud "Yunan axını"nın bizim reallaşdırdığımız layihələrə rəqib olacağını deyirlər. Biz bu layihənin icrasına 10 illik danışıqlardan sonra başladıq. Məhz bu danışıqların nəticəsidir ki, biz ciddi layihənin əsasını qoyduq. "Şahdəniz" yatağından hasil olunan qazın bazarda öz alıcıları var və hansısa layihələrin bizim bazarımıza təsir etməyəcəyinə əminəm".
SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, Bakı-Supsa kəmərinin marşrutu dəyişdirilməsə belə, bu, kəmər üçün hansısa problem yaratmayacaq.
Elşad Nəsirovun qeyd edib ki, Azərbaycanın "qara qızıl"ı Supsa limanına alternativ yollarla çatdırmaq imkanı var: "Düşünürəm ki, Bakı-Supsa kəmərinin Cənubi Osetiya ərazisindən keçən bir neçə kilometrlik hissəsinin marşrutu dəyişdirilməsə belə, çətinlik yaranmaz. Çünki, 2008-ci ildəki münaqişədən sonra Gürcüstan və Cənubi Osetiya arasında razılıq əldə edilib. Digər tərəfdən, hansısa problem yaransa belə, bizim imkanımız var ki, həmin nefti Supsaya başqa yollarla çatdıraq".
Qeyd edək ki, bir neçə gün öncə Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ölkəsinin İctimai televiziyasının efirində bildirib ki, Bakı-Supsa neft kəmərinə təhlükə yaransa, hökumət alternativ layihəni işə salacaq: "Söhbət 1500-1600 metrlik yeni bir hissənin inşasından gedir".
Qonşu ölkənin mətbuatında yayılan xəbərlərə əsasən, Tsxinvali regionunda (Cənubi Osetiya) Rusiya hərbçiləri bir neçə gün öncə tikanlı məftillərdən ibarət sərhəd xəttini bir neçə yüz metr Gürcüstanın daxilinə sürüşdürdükdən sonra BP şirkətinin operatoru olduğu Bakı-Supsa kəmərinin bir hissəsi faktiki separatçıların nəzarəti altına düşüb.