Nazir: "IGB layihəsi mümkün qədər tez başa çatdırılmalıdır" İqtisadiyyat

Nazir: "IGB layihəsi mümkün qədər tez başa çatdırılmalıdır"

Azərbaycan qazını daşıyacaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria - IGB) Bolqarıstan üçün böyük əhəmiyyət kəsb edib.

“APA-Economics”in Bolqarıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Regional inkişaf və abadlaşdırma naziri İvan Şişkov bildirib.
Onun sözlərinə görə, IGB ölkə üçün həyati əhəmiyyət kəsb etdiyi üçün, layihə mümkün qədər tez bir zamanda başa çatdırılmalıdır.

Nazir onu da qeyd etdi ki, layihə çərçivəsində bəzi bitirilməmiş işlər var, lakin gecikmə olsa belə, o qısamüddətli olacaq.

İvan Şişkov onu da əlavə etdi ki, layihənin başa çatdırılması üçün bütün ölkə Bolqarıstan-Yunanıstan birləşdirici qaz kəmərini tikən tərəfə köməklik göstərir.

Qeyd edək ki, ICGB layihə şirkətinin (layihənin operatoru) icraçı direktoru Teodora Georievanın sözlərinə görə, IGB bu ilin sentyabr-oktyabr aylarında fəaliyyətə başlayacaq.

IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.

Hazırda Azərbaycan qazı Bolqarıstana Yunanıstan ərazisi ilə alternativ birləşdirici infrastruktur vasitəsi ilə çatdırılır.

Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.