2017-ci ilin dövlət büdcəsinin proqnozları hazırlanır İqtisadiyyat

2017-ci ilin dövlət büdcəsinin proqnozları hazırlanır

Nazirlər Kabineti 2017-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə sərəncam verib. Sərəncamda qeyd olunur ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycanın 2017-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə "Büdcə sistemi haqqında" qanunun və Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2016-cı il sentyabrın 15-dək, İqtisadiyyat Nazirliyi Azərbaycanın növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2016-cı il sentyabrın 10-dək, həmçinin həmin qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etsinlər.
Maliyyə Nazirliyinə 2017-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2015-ci ilin ilkin statistik məlumatlarını 2016-cı il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edəcək; növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin edəcək.

2014-2015-ci illər üzrə Vergilər Nazirliyi əlavə dəyər vergisi ödəyiciləri üzrə (fəaliyyət göstərdiyi şəhər və rayonlar göstərilməklə) hesablanmış və dövlət büdcəsinə daxil olmuş vergilərə, Dövlət Gömrük Komitəsi ölkə ərazisinə idxal olunan mallar üzrə tətbiq edilən əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunmuş hüquqi və fiziki şəxslər və onların idxal göstəricilərinə, Əmlak Məsələləri Dövlət Komitəsi hər bir hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə dövlət mülkiyyətinin və torpaqların icarəyə verilməsi ilə bağlı hesablanmış və dövlət büdcəsinə daxil olmuş vəsaitə, Dövlət Sosial Müdafiə Fondu hər bir hüquqi və fiziki şəxs üzrə hesablanılmış və Fonda ödənilmiş məcburi dövlət sosial sığorta ayırmalara dair məlumatları 2016-cı il aprelin 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etməlidirlər.

Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi məqsədilə təkliflərini 2016-cı il martın 1-dək Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədilə 2016-cı il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2016-cı il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim edəcəklər.

Maliyyə Nazirliyi 2017-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2016-cı il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2016-cı il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2016-cı il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2016-cı il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim edəcək.