DSMF-nin 2016-cı il büdcəsi haqqında Qanuna dəyişikliklər edilib İqtisadiyyat

DSMF-nin 2016-cı il büdcəsi haqqında Qanuna dəyişikliklər edilib

Milli Məclisdə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər müzakirə edilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev qanun layihəsinə dəyişikliyi təqdim edib: "Müzakirəyə təqdim edilən Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307.4 milyon manat proqnozlaşdırılır. Bu isə 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228.8 milyon manat və ya 7.4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82.8 milyon manatının və ya 36.2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına, 146 milyon manatı və ya 63.8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.6 faiz və ya 227.8 milyon manat artıqdır. Əmək pensiyaları ödənişi xərcləri 3 milyard 136.1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 7.3 faiz və ya 212.5 milyon manat çoxdur. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə əlaqədar bütün növ əmək pensiyalarının baza və baza hissinə əlavələrinin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artımla bağlı əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb".
Fond sədri vurğulayıb ki, qanun layihəsində məcburi dövlət sosial sığorta aktları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artımlar nəzərdə tutulub: "Müavinətlərin ödənişi xərcləri 102.9 milyon manat olmaqla, 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17.5 faiz və ya 15.3 milyon manat artımla nəzərdə tutulur. O cümlədən hamiləliyə və doğuşa görə müavinət üzrə xərclər 1.3 faiz və ya 0.4 milyon manat artımla, uşağın anadan olmasına görə müavinət üzrə xərclər 10 faiz və ya 0.8 milyon manat artımla, 3 yaşa çatanadək uşaqlara qulluqla əlaqədar müavinət xərcləri 34.3 faiz və ya 3.3 milyon manat artımla, dəfn üçün müavinət xərcləri 10.3 faiz və ya 1.6 milyon manat artımla, işsizliyə görə müavinət xərcləri isə 2.4 dəfə və ya 9 milyon manat artımla proqnozlaşdırılır".
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının ödənilməsi üzrə xərclər isə 0.9 milyon manat və ya 4.5 faiz artımla proqnozlaşdırılır". Elman Mehtiyev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin təklif olunan variantda qəbulu ölkəmizin sosial-iqtisadi həyatının mühüm həlqəsi olan sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının daha da artırılmasına əlavə imkanlar yaradacaq. Müzakirələrdən sonra millət vəkilləri dəyişikliklərin təsdiq edilməsinin lehinə səs veriblər.