Mərkəzi Bank 14 banka 66,760 mln. dollar satıb İqtisadiyyat

Mərkəzi Bank 14 banka 66,760 mln. dollar satıb

Mərkəzi Bank: "Məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfimiz yoxdur"

24 fevral 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilmiş, Mərkəzi Bank tərəfindən 30 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda iştirak edən 14 bank tərəfindən məcmu tələb 66,760 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 44,9 faiz təmin olunmuşdur.
Mərkəzi Bankın məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfi yoxdur. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir. İcmalda qeyd olunur ki, hazırda Mərkəzi Bankın valyuta satışları hərraclar vasitəsilə həyata keçirilir: "Mərkəzi Bankın əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəldilib. Banklararası əməliyyatlar üzrə orta çəkili məzənnə rəsmi məzənnə kimi götürülür. "Üzən məzənnə" rejiminin ən böyük üstünlüyü odur ki, o, qlobal şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin məzənnə vasitəsilə neytrallaşmağına imkan verir. Eyni zamanda yeni rejim daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Üzən rejimə keçid məzənnənin tarazlı səviyyəsinə nail olmağa imkan verir".
Məlumata əsasən, 2015-ci ildə manat əksər valyutalara nəzərən ucuzlaşıb. 2015-ci il ərzində manata qarşı ABŞ dolları 98,8%, avro isə 79% bahalaşıb. Qeyri-neft sektoru üzrə manatın nominal effektiv məzənnəsi indeksi 23,3% aşağı düşüb. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə isə 23,5% aşağı düşüb. Qiymət fərqləri real effektiv məzənnəyə 0,2% azaldıcı təsir göstərib.