Azərbaycan “Viking train” layihəsinə qoşulmaq üçün ilk addımı atıb İqtisadiyyat

Azərbaycan “Viking train” layihəsinə qoşulmaq üçün ilk addımı atıb

Vilnüsdə Azərbaycan və Litva dəmiryolçuları arasında görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, görüşdə "Litva Dəmir Yolları" SC-nin Baş direktoru Stasis Daylidka, "Litva Dəmir Yolları" SC-nin Baş direktorun müavini, yükdaşımalar direksiyasının rəhbəri Stasis Qudvalis və digər rəsmi şəxslər, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov, "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Vüqar Əsgərov, "ADY ekspess" MMC-nin direktoru Azad Qasımov və "ADY ekspess" MMC-nin biznesin inkişafı və marketinq departamentinin rəhbəri Natiq Cəfərov iştirak ediblər. Danışıqlar zamanı Azərbaycanın "Viking train" layihəsində iştirakı, bu layihə çərçivəsində konteyner və ümumi yükdaşımaların həcminin artırılmasının perspektivləri müzakirə olunub.
Qeyd edək ki, "Viking train" layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. "Viking train" layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərg istiqamətində (Orta Asiya və Çin) həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğunudan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək. Bununla da "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinin əhəmiyyəti artırılacaq və ölkəmiz daha bir iri nəqliyyat dəhlizinə qoşulmaqla, öz tranzit potensialını genişləndirəcək.
Danışıqlar nəticəsində, "Litva Dəmir Yolları" SC ilə Azərbaycanda multimodal yükdaşımalarla məşğul olan "ADY ekspess" MMC arasında müqavilə imzalanıb. Sənədi "Litva Dəmir Yolları" SC-nin Baş direktoru Stasis Daylidka və "ADY ekspess" MMC-nin direktoru Azad Qasımov imzalayıblar. Müqavilə tərəflər arasında yükdaşımalar zamanı normativ bazanı yaradır, öhdəlikləri, qarşılıqlı güzştlər və qarşılıqlı hesablamalar qaydalarını müəyyən edir. Müqavilə Litva və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək və tranzit yüklərinin həcminin artmasına şərait yaradacaq.
Litvaya səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti, bu ölkəyə təmirə göndərilmiş Azərbaycan Dəmir Yollarına məxsus teplovozlara baxış da keçiriblər. Təmir prossesi ilə maraqlanan rəsmilərimiz, onun keyfiyyətlı aparıldığına əmin olublar. Eyni zamanda nümayəndə heyəti yeni tikilmiş yük terminalına baxış keçirərək, terminalın fəaliyyəti və buraxılış qabiliyyəti ilə tanış olublar.