Salyan-Şirvan avtomobil yolunun tikintisi davam etdirilir İqtisadiyyat

Salyan-Şirvan avtomobil yolunun tikintisi davam etdirilir

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Bu işlər "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. ASC-nin mətbuat xidmətindən bildirilib ki, uzunluğu 34 kilometr olan yolun III texniki dərəcəyə uyğun yenidən qurulması layihəsi çərçivəsində torpaq yatağının eni 13 metr, hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni isə 2 metrdir. Yolun tikintisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Artıq yolun 7 kilometrdən çox hissəsində əsaslı tikinti işləri görülüb. Tikinti işlərinin aparıldığı hissədə yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınıb, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib.
Yenidənqurma işlərinin aparıldığı ərazinin 5 kilometrlik hissəsinə ikiqat olmaqla 20 santimetr qalınlığında, 1,5 kilometrlik hissəyə isə bir qat olmaqla 10 santimetr qalınlığında müasir standartlara cavab verən asfalt-beton örtüyü döşənib. Bir kilometrlik hissədə isə yeni asfalt-beton örtüyünün döşənməsi üçün yol tam hazır vəziyyətə gətirilir. Bundan əlavə, ölkənin cənub rayonları ilə şimal-qərb bölgəsini birləşdirən yolun tikintisi işləri çərçivəsində 300 min kvadratmetr sahəyə 3 qat olmaqla 25 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bu isə ağır tonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək. Respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq.