“Neftin bazarı siyasiləşdiyi üçün istənilən sürpriz gözləniləndir” İqtisadiyyat

“Neftin bazarı siyasiləşdiyi üçün istənilən sürpriz gözləniləndir”

Neftin dünya bazarında qiyməti yenidən yüksəlməyə başlayıb. Artıq Brent markalı neftin hər barreli birjalarda 46 dollara təklif edilir. Doha sammitindən sonra 5 faiz dəyər itirən "qara qızıl" növbəti 2 iş günündə mövqelərini bərpa edə bilib. İqtisadçı-alim Vüqar Bayramov öz şərhində bu sualı cavablandırıb.O, qeyd edib ki, bu həftənin çərşənbə axşamı neftin qiymətinin yüksəlməsi Küveytdə petrol işçilərinin tətili ilə bağlı idi: "Belə ki, tətil nəticəsində mart ayında gündəlik 2.8 milyon barrel neft hasil edən sözügedən ölkənin istehsalı 1.5 milyon barrelə qədər azaldı. Eyni zamanda gündəlik istehsal texniki səbəblərdən neft Veneseulada 200 min barrel, boru xəttində baş verən yanğına görə isə Nigeriyada 400 min barrel azalıb. Hasilatın azalması OPEK-ə üzv olmayan ölkələrdə də müşahidə edilməkdədir. Belə ki, son iki ildə ABŞ, Kanada və Latın Amerikası ölkələrində neft sektoruna sərmayə 40 faiz aşağı düşüb. Bu isə hasilata birbaşa təsir göstərməkdədir. Beynəlxalq Enerji Akademiyasının proqnozlarına əsasən, OPEK-ə üzv olmayan ölkələrin gündəlik neft ixracatı 700 min barel aşağı düşəcək. Bu haqda Reuters agentliyi məlumat yayıb".
V.Bayramov qeyd edib ki, Beynəlxalq Enerji Akademiyası, eyni zamanda, Çin daxil olmaqla bir sıra ölkələrdə neftə tələbin azalmasına da diqqəti çəkir: "Eyni zamanda, Rusiya neft hasilatını gündəlik 12 milyon barrelə çatdıracağını bildirib. İran isə sanksiyalardan öncəki gündəlik 4 milyon barreli hədəfləyir. Buna görə də, hələlik təklifin tələbi ən azı gündəlik 1 milyon barrel üstələcəyi gözlənilir. Amma qiymətə ABŞ-da hasilatın birbaşa təsir göstərəcəyi proqnozlaşdırılır. Əgər Birləşmiş Ştatlar hasilatdakı azalmaları optimlaşdırarsa o zaman qiymət artımları müvəqqəti xarakter daşıya bilər.
Eyni zamanda, neftin dünya bazar qiymətinin hər barreli 60 dollaradək yüksələrsə, o zaman ABŞ-da şist neftinin hasilatı üçün geniş imkanlar yaranır. Bu isə OPEK ölkələrinin xüsusən də Səudiyyə Ərəbistanın maraqlarına uyğun deyil. Bu baxımdan, əksər beynəlxalq agentliklər neftin dünya bazar qiymətində kəskin artımlar proqnozlaşdırmırlar. Amma neftin bazarı siyasiləşdiyi üçün istənilən sürpriz gözləniləndir.
Neftin dünya bazar qiymətinin yüksəlməsi "qara qızılın" ixracatda payının hələ də 85 faiz olan Azərbaycana daxil olan valyutanın həcminin artması baxımdan vacibdir. Amma müvəqqəti qiymət artımları islahatlar paketinə heç bir halda təsir göstərməməlidir. Son iki ilin təcrübəsi göstərir ki, istənilən zaman neftin qiyməti öz trayektoriyasını dəyişə bilər".