Dünya bazarında şəkər, ət və düyü bahalaşır İqtisadiyyat

Dünya bazarında şəkər, ət və düyü bahalaşır

"Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu yeniləyib. Trend xəbər verir ki, “Fitch Solutions” 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 9,25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. Bu isə agentliyin yanvar proqnozu ilə müqayisədə 1% bəndi çoxdur.
“Fitch Solutions”də bildirilib ki, 2023-cü ilin fevralın ayında Azərbaycanda inflyasiya illik 13,9% təşkil edib ki, bu da 2015-ci ildəki manatın devalvasiyasından sonra qeydə alınan ən yüksək göstəricidir. "Bu inflyasiya fonunda Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sərtləşdirməyə davam etdiyi üçün biz də kredit şərtlərinin sərt qalacağını gözləyirik. Biz ilin sonuna qədər uçot dərəcəsinin 9.25%-ə qədər artırılacağını gözləyirik. Biz inflyasiyanın 2023-cü ildə orta hesabla 11.5% və 2024-cü ildə 7.5% olacağını gözləyirik. Önümüzdəki aylarda qiymət təzyiqləri tədricən azalacaq, lakin pandemiyadan əvvəlki 2,5-3,0% səviyyəsindən yüksək olaraq qalacaq" - deyə orada qeyd edilib.
Hökumıətin də proqnozlarına görə bu il ölkədə infilyasiyanın ikirəqəmli olacağı gözlənilir. İlin əvvəlindən artıq ikirəqəmli infilyasiya müşhidə olunur. Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 113,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7 faiz təşkil edib. 2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 112,8 faiz olub. Apreldə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 1 il öncə ilə müqayisədə 115,1 faiz yüksəlib. Deməli, ölkədə qiymət artımları davam edir. Yay mövsümündə daxili istehsal məhsullarının qiymətlərində ucuzlaşma gözlənilsə də, idxal məhsulları ilə bağlı bunu demək çətindir. Bununla yanaşı, dünya bazarında qiymət artımlarında səngimə müşahidə olurur. Belə ki, bu ilin may ayında dünyanın ən çox satılan ərzaq malları üçün qlobal qiymət hərəkətlərini aylıq olaraq izləyən BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi aprel ayı ilə müqayisədə 2,6 faiz və 2022-ci ilin mart ayında müəyyən edilmiş bütün zamanların ən yüksək göstəricisindən 22,1 faiz azalaraq 124,3 bənd təşkil edib.
FAO Taxıl Qiymətləri İndeksi, əsasən, həm əlverişli məhsul perspektivləri, həm də ləng idxal tələbi ilə əlaqədar qlobal qarğıdalı qiymətlərinin 9,8 faiz azalması nəticəsində əvvəlki ayla müqayisədə orta hesabla 4,8 faiz azalıb. Beynəlxalq buğda qiymətləri də həm kifayət qədər tədarük, həm də Qara Dəniz Taxıl Təşəbbüsünün daha bir genişlənməsi səbəbindən 3,5 faiz ucuzlaşıb. Eyni zamanda, Asiya ölkələrinin davamlı alışlarının və Vyetnam və Pakistan kimi bəzi ixracatçıların tədarükünün azalmasının təsiri altında may ayında beynəlxalq düyü qiymətləri artmağa davam edib.
FAO Bitki Yağı Qiymətləri İndeksi may ayında 8,7 faiz, keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 48,2 faiz azalıb. Beynəlxalq palma yağının qiymətlərinin apreldə öz səviyyələrindən nəzərəçarpacaq dərəcədə azalması əsas istehsalçı ölkələrdə istehsalın artması fonunda zəif idxal tələbini əks etdirir. Beynəlxalq soya yağı qiymətləri Braziliyada bol soya məhsulu və Amerika Birləşmiş Ştatlarında ehtiyatların gözləniləndən daha yüksək olması ilə əlaqədar olaraq altı aydır azalıb. Eyni zamanda, dünya səviyyəsində əhəmiyyətli təklifin olması kolza və günəbaxan yağlarının qiymətlərinin daha da ucuzlaşmasına səbəb olub.
FAO Süd Məhsullarının Qiymətləri İndeksi aprel ayına nisbətən 3,2 faiz aşağı düşüb, bu, əsasən Şimal yarımkürəsində mövsümi yüksək süd istehsalı fonunda geniş ixrac təklifi ilə əlaqədar beynəlxalq pendir qiymətlərində kəskin enişi əks etdirir. Eyni zamanda, süd tozu və kərə yağı üçün beynəlxalq kotirovkaların bərpası da qeyd olunub.
FAO-nun Şəkər Qiyməti İndeksi ardıcıl dördüncü aydır artmaqda davam edir, apreldən 5,5 faiz və keçən ildən demək olar ki, 31 faiz çoxdur. Qiymətlərin bu artımı El Nino-nun gələn mövsümdə məhsullara təsiri nəticəsində qlobal tədarükün mümkün azalması ilə bağlı artan narahatlıqların və Braziliyadakı soya və qarğıdalı tədarükçülərinin gərgin rəqabəti səbəbindən göndərmə gecikmələrinin nəticəsi idi. Bununla belə, Braziliyanın 2023-cü il şəkər qamışı məhsulu üçün əlverişli perspektivlər və beynəlxalq xam neft kotirovkalarının azalması qiymətlərin daha da yüksəlməsinə mane olub.
FAO-nun Ət Qiymətləri İndeksi də may ayında 1.0 faiz artıb, bu, ilk növbədə Asiyada quş ətinə davamlı olaraq güclü tələbat və Amerika Birləşmiş Ştatlarında mal əti tədarükünün davam etməsi ilə əlaqədardır.
FAO-nun açıqladığı ən son taxıl təchizatı və tələb yeniləməsinə dair hesabatına əsasən, 2023-24-cü illər üçün ilkin proqnozlar 2023-cü ildə taxıl istehsalının 1,0 faiz artaraq 2,813 milyon tona çatacağını göstərir. Proqnozlaşdırılan artım həmçinin qarğıdalı, düyü və sorqo istehsalında gözlənilən artımlar hesabına təmin edilir; lakin buğda və arpa istehsalı 2022-ci ildən aşağı ola bilər. FAO-nun ilk proqnozuna görə, 2023-2024-cü illər mövsümündə qlobal taxıl istehlakı 2022-2023-cü il mövsümünün səviyyəsindən 0,9 faiz artaraq 2,803 milyon ton olacaq. Bu artım həm yem məqsədləri üçün, ilk növbədə qarğıdalı, həm də ərzaq məqsədləri üçün, əsasən, buğda və düyü istehlakının artması ilə bağlıdır. İlkin proqnozlara əsasən, 2023-2024-cü illər mövsümündə qlobal taxıl ehtiyatları 1,7 faiz artaraq rekord həddə - 873 milyon tona çata bilər, dünyada taxıl ehtiyatlarının istehlaka nisbəti isə bir qədər azalaraq 30,4 faizə düşəcək.
2023-24-cü illərdə qlobal taxıl ticarəti 2022-23-cü illərdən demək olar ki, dəyişməyərək 472 milyon ton səviyyəsində proqnozlaşdırılır, çünki qaba taxıl və düyü ticarətində artım (düyü ticarəti vəziyyətində 2024-cü ilin yanvar-dekabr) gözlənilən həcmlə kompensasiya ediləcək.
Dünya bazarında ərzağın bahalaşması davam edir. Əslində yüksək ərzaq qiymətləri milyonlarla insanı ifrat yoxsulluğa sürükləyən, aclıq və qida çatışmazlığını artıran qlobal böhrana gətirib çıxarıb. Dünya Bankının hesabatına görə , COVID-19 pandemiyası qlobal yoxsulluğun azaldılmasında böyük uğursuzluğa səbəb olub. İndi iqlim şokları və münaqişələr nəticəsində qida və enerji qiymətlərinin artması meyilləri davam edir. FAO-WFP hesabatına görə, kəskin ərzaq çatışmazlığı ilə üzləşən və təcili yardıma ehtiyacı olan insanların sayının 53 ölkə və ərazidə 222 milyon insana çatacaq.
2022-2023-cü illər dünyada post-pandemiya dövrü kimi gözlənilsə də tələbin artması ilə yanaşı, buğda, qida məhsulları və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymət artımı baş verdi. Sonra həm dünya, həm də Azərbaycan iqtisadiyyatında iqtisadi artım qeydə alınsa da, yanacağın və gübrənin bahalaşması, iqlim dəyişiklikləri, məhsuldarlığın aşağı düşməsi, dünyada ərzağa olan tələbin artması aqrar sektora ciddi mənfi təsir göstərən amillər olaraq qalır. Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara təlabatın artması kimi amillərdir.
Dünya bazarında kənd təsərrüfatı və ərzaq məhsullarına tələbin artması və bahalaşması fonunda hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi aktuldır. Pandemiyanın ardınca Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq böhranı təhlükəsini daha da gücləndirib. Ona görə də 2023-cü ildə də qiymət artımlarının davam edəcəyi gözlənilən idi. Bəzi hallarda süni qiymət artımlarına da rast gəlinir ki, buna imkan vermək olmaz.
Ümidlər isə işğaldan azad olunmuş torpaqlarımızda əsas ənənəvi sahə kimi kənd təsərrüfatının yenidən dircəldilməsinədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək həcmlərdə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal olunacağı gözlənilir. Xüsusən də, taxıl, meyvə, tərəvəz istehsalı, heyvandalıq əsas sahələr olacaq. Xüsusən də post-konflikt rayonlarda kənd təsərrüfatı dirçəldildikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək.

Mahir Həmzəoğlu