

Ödəniş sistemi operator tərəfindən azı üç birbaşa ödəniş sistemi iştirakçısı arasında bağlanılmış müqavilə əsasında təşkil edilir.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, Aşağıdakı şəxslər ödəniş sisteminin operatoru ola bilərlər:
43.2.1. Mərkəzi Bank;
43.2.2. bu Qanuna uyğun olaraq operator fəaliyyətinə lisenziya almış hüquqi şəxs.
43.3. Lisenziya əsasında fəaliyyət göstərən operatorun nizamnamə kapitalı Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş minimum nizamnamə kapitalının miqdarından az olmamalıdır.
43.4. Ödəniş sisteminin təşkili üzrə operatorun vəzifələri aşağıdakılardır:
43.4.1. ödəniş sisteminə dair qaydaların müəyyən edilməsi, ödəniş sistemi iştirakçıları tərəfindən onlara riayət olunmasına nəzarət edilməsi;
43.4.2. ödəniş sistemində risklərin idarə olunması sisteminin təşkili;
43.4.3. ödəniş sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi, ödəniş sisteminin fəaliyyətində fasilə yarandığı halda, bu barədə Mərkəzi Banka və ödəniş sisteminin iştirakçılarına məlumat verilməsi;
43.4.4. daxili nəzarət sisteminin, habelə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi.
43.5. Bu Qanunun 8-ci və 10.1-ci maddələri lisenziya əsasında fəaliyyət göstərən operatora da şamil edilir.
43.6. Bu Qanunun 5.1-ci, 5.2-ci və 64-cü maddələri nəzərə alınmaqla, lisenziya əsasında fəaliyyət göstərən operator tərəfindən (bank, xarici bankın yerli filialı, poçt rabitəsinin milli operatoru istisna olmaqla) ödəniş sistemlərinin təşkili ilə yanaşı, ödəniş kartlarının emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsindən başqa digər fəaliyyət həyata keçirilə bilməz.
43.7. Operator, ödəniş sistemi iştirakçıları, ödəniş sistemlərinin fəaliyyətinin təmin edilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş sisteminin idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş sistemində ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları, habelə emal olunan ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır.
43.8. Operator ödəniş sistemlərinin fəaliyyətinin təmin edilməsinə cəlb etdiyi şəxslərlə bağladığı müqavilədə bu Qanunun 42.1-ci və 42.2-ci maddələrinin tələblərinin əks olunmasını təmin etməlidir.
43.9. Ödəniş sisteminin operatoru və iştirakçıları arasındakı qarşılıqlı münasibətlər müqavilə və ödəniş sisteminə dair qaydalar ilə tənzimlənir.
43.10. Ödəniş sisteminə dair qaydalarda birbaşa və ya dolayı iştirak nəzərdə tutula bilər.
43.11. Ödəniş sisteminin birbaşa iştirakçısı ödəniş sisteminin digər iştirakçıları ilə hesablaşmaların aparılması məqsədilə hesablaşma agentində, dolayı iştirakçı isə birbaşa iştirakçıda müxbir və ya cari hesab açmalıdır.
43.12. Ödəniş sisteminin birbaşa və dolayı iştirakçıları arasında qarşılıqlı münasibətlər müqavilə və ödəniş sisteminiə dair qaydalar əsasında tənzimlənir.