Bakıda “Dayanıqlı İnkişaf üçün Enerji” forumu keçiriləcək İqtisadiyyat

Bakıda “Dayanıqlı İnkişaf üçün Enerji” forumu keçiriləcək

Oktyabrın 18-21-də Bakıda "Dayanıqlı İnkişaf üçün Enerji" VII Beynəlxalq Forumu və "Bərpa olunan enerjinin inkişafı" adlı beynəlxalq konfrans keçiriləcək. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (ABOEMDA) bildirilib ki, forum Azərbaycan hökuməti, BMT-nin regional komissiyaları, Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA), BMT İnkişaf Proqramının (UNDP) Azərbaycan ofisi, Enerji səmərəliliyi üzə Kopenhagen Mərkəzi (C2E2) və XXI əsr üçün Bərpa Olunan Enerji Siyasəti Şəbəkəsinin (REN21) birgə təşkilatçılığı ilə baş tutacaq. Forum çərçivəsində plenar iclaslarla yanaşı yüksək səviyyəli iclaslar, paralel seminarlar və 4 gün ərzində obyektlərə səfərlər həyata keçiriləcək.
300-dək beynəlxalq enerji eksperti, hökumət rəsmiləri, biznes, maliyyə sektorunun nümayəndələri, alimlər və vətəndaş cəmiyyəti üzvləri foruma qatılaraq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təcrübə mübadiləsi aparacaqlar. Foruma "Bərpa olunan Energetikanın inkişafı" beynəlxalq konfransı, həmçinin ilk dəfə olaraq BMT AİK-in Bərpa olunan Enerji və Enerji Effektivliyi üzrə Ekspertlər qrupunun növbəti sessiyaları daxil olacaq. Paralel seminarlara Bərpa Olunan Enerji İnvestisiyaları üzrə Siyasi İslahatlar Seminarı, Mərkəzi Asiya İqtisadiyyatı üzrə BMT-nin Xüsusi Proqramının( SPECA) – Enerji, Su və Ətraf Mühit üzrə Tematik İşçi Qrupu və Bərpa Olunan Enerjinin üfüqləri üzrə seminarlar daxildir.
2015-ci ilin sentyabrında BMT Baş Assambleyası tərəfindən "2030 Dayanıqlı İnkişaf Gündəliyinə müvafiq olaraq, BMT və digər beynəlxalq təşkilatlar, dövlətlər və özəl sektor Dayanıqlı İnkişaf Məqsədlərini və İqlim Dəyişikliyi haqqında "Paris razılaşması"ndan irəli gələn tələblərin tətbiqi istiqamətində fəaliyyətə başladılar. Dayanıqlı İnkişaf gündəliyinə uyğun tədbirlərin həyata keçirilməsi zamanı üzv ölkələrdən onların milli enerji üzrə proqramlarında vahid və çevik fəaliyyət, milli və beynəlxalq kontekstdən yanaşma tələb olunur. Belə olan təqdirdə çoxşaxəli inkişafa nail olmaq mümkündür. "Dayanıqlı İnkişaf üçün Enerji" VII Beynəlxalq Forumu çağırışları müzakirə etmək, iddialı və konkret məsələlərdə birgə razılığa gəlmək imkanını yaradacaq.
"Paris Razılaşması"nda vurğulanan iqlim dəyişikliyi məqsədlərinə (Müəyyən Olunmuş Milli Fəaliyyətlər çərçivəsində) dəstək olmaq, enerji sektorunda karbon intensivliyinin azaldılması məqsədilə bərpa olunan enerji sahəsinə investisiyaların cəlbi və onların milli öhdəliklərə çevrilməsinə nail olmaq VII forumun əsas məqsədləri sırasındadır. Eyni zamanda, 2017-ci il iyunun 11-də Qazaxıstanın Astana şəhərində vacib məsələlərin qəbul olunmasında xüsusi rol oynayacaq "Dayanıqlı İnkişaf üçün Enerji" VIII Beynəlxalq Forumu çərçivəsində enerji nazirlərinin birgə razılığa gələcəyi mövzular Bakı forumunda müzakirə olunacaq.
VII Forum öncəki forumların qərarlarına istinad etməklə, iştirakçı dövlətləri Dayanıqlı İnkişaf Məqsədlərinin enerji sektoru üzrə qarşıya qoyduğu qısa və orta müddətli məqsədlərə çatmaq üçün inkişaf planının hazırlanmasına mühüm imkan yaradır. Ötən 2 forumda qəbul edilmiş qərarlar dayanıqlı enerjinin gələcək inkişafı üçün uzunmüddətli keçid yaradır və BMT-nin regional komissiyalarının istinad edə biləcəyi addımları müəyyən edir. Həmin addımlar isə üzv dövlətlərə milli səviyyədə dayanıqlı enerji fəaliyyət planını inkişaf etdirməyə dəstək olmaq, Milli Enerji Statistika Proqramlarının təkmilləşdirilməsi istiqamətində üzv dövlətlərlə birgə əməkdaşlıq əlaqələri yaratmaq, Hammamet Deklarasiyasından irəli gələn istiqamətlər üzrə üzv dövlətlərin inkişafına nail olmaq: Enerji Bazarı İslahatları, Enerji Səmərəliliyi, bərpa olunan enerji, enerjiyə çıxış, enerji təhlükəsizliyi, maliyyə və investisiya, texnologiya, energetikaya dair məlumat bazası, göstəricilər və təhlillər, texnologiya və təcrübə mübadiləsi, bu istiqamətdə ən yaxşı nümunələr və beynəlxalq səviyyədə qəbul edilmiş minimum enerji effektivliyi standartlarını bütün sahələr üzrə inkişaf etdirməkdir.